“Qalatasaray” daha bir futbolçusunu icarəyə verdi
Türkiyənin “Girəsunspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Qalatasaray”dan Oğulcan Çağlayanı, “Trabzonspor”dan Faruk Can Gençi, İsrailin “Makkabi” (Təl-Əviv) klubundan isə Brendli Kuvası transfer edib.
Oğulcan Çağlayan “Qalatasaray”dan mövsümün sonuna kimi icarəyə götürülüb. 26 yaşlı forvard 2020-ci ildən oynadığı “Qalatasaray”da cəmi 29 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Qaziantepspor”, “Kayseri Ərciyəsspor”, “Kayserispor”, “Rizəspor”, “Qaziantep” kimi komandalarda da oynayıb. Oğulcan ötən mövsümün ikinci dövrəsini də “Eyüpspor”da icarədə keçirib. O, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.
“Trabzonspor”dan azad agent kimi heyətə cəlb olunan Faruk Can Genç ilə 2 illik müqavilə imzalanıb. Trabzon klubunun öz yetirməsi olan 22 yaşlı futbolçu “Ümraniyəspor” və “Keçiörengücü” klublarında icarədə də olub. “Trabzonspor”un əsas komandasında cəmi 2 oyun keçirmiş sol cinah müdafiəçisi, Türkiyənin U-18 yığmasında da forma geyinib.
“Girəsunspor” 1 illik müqavilə bağladığı Brendli Kuvasın keçidinə görə Təl-Əviv “Makkabi”sinə də pul ödəməyib. Niderlandda dünyaya göz açmış hücumameyilli yarımmüdafiəçi, “Volendam”, “Ekselsior”, “Herakles Almelo”, “Əl-Nəsr”, “Əl-Cəzirə” kimi klublarda da forma geyinib. O, 2021-ci ildən oynadığı İsrail klubunda 46 oyuna 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Kuvas 2017-ci ildən Kurasao yığmasına cəlb olunur. O, bu ölkənin millisində 14 oyunda 2 qola imza atıb.
Bizi Facebook-da izləyin