“Qalatasaray” “Brügge” ilə oyuna ciddi itkilərlə çıxacaq
Türkiyə çempionu “Qalatasaray” UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı Belçika “Brügge”si ilə oyuna ciddi itkilərlə çıxacaq.
Komanda.az xəbər verir ki, İstanbul klubunun hücumçusu Rayan Babel də bu görüşdə forma geyinə bilməyəcək.
Bu barədə “sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terim məlumat verib. Onun sözlərinə görə, Babel Hollandiya millisinin düşərgəsindən gələndə dizində şiş olub. Həkimlərin səyi nəticəsində o, Super Liqanın 12-ci turu çərçivəsində “Başakşəhər”lə oyunda meydanda olub. Lakin vəziyyəti daha da ağırlaşan futbolçunun “Brügge” ilə matçda iştirakı mümkünsüz hesab olunur.
Qeyd edək ki, Terim Babel də daxil olmaqla əsas komanda üzvlərindən cəmi 13 nəfərə ümid bəslədiyini dilə gətirib. Qalan futbolçular zədədən əziyyət çəkdiyi üçün bu oyunda forma geyinə bilməyəcək. Təcrübəli məşqçinin sözlərinə görə, “Brügge” ilə oyun üçün iştirak ərizəsinə əvəzedici heyətdən futbolçular cəlb edəcəklər.
Sabah keçiriləcək “Qalatasaray” – “Brügge” matçına saat 21:55-də start veriləcək.
Bizi Facebook-da izləyin