“Qalatasaray” 5 yeni transferlə müqavilələrin detallarını açıqladı

Türkiyənin “Qalatasaray” klubu heyətini 5 yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-dən Mauro İkardini, “Norviç”dən Milot Raşiçanı, “Olborq”dan Matias Ross Yenseni, “Rapid”dən Yusuf Dəmiri transfer edib.

Bu yay “Mançester Yunayted”dən azad agent kimi ayrılan Xuan Mata da bundan sonra Türkiyə nəhənginin uğurları üçün çalışacaq. Bu barədə “Qalatasaray”ın rəsmi saytı məlumat yayıb.

Mata ilə 1+1 illik müqavilə imzalanıb. 34 yaşlı futbolçu İstanbul təmsilçisindəki ilk mövsümündə 1,9 milyon avro qazanacaq.

Xuan Mata Madrid “Real”ının yetirməsidir. O, bu klubun əvəzedici komandasında oynasa da, əsas komandada forma geyinməyib. 2007-ci ildə “Valensiya”ya keçən yarımmüdafiəçi 2011-ci ildə İngiltərə Premyer Liqası komandalarından “Çelsi”yə, 2014-cü ildə isə “Mançester Yunayted”ə transfer edilib. Karyerası boyunca 633 rəsmi matça çıxan futbolçu 140 qola imza atıb. O, İspaniya yığmasında da 41 oyun keçirib, 10 qol vurub.

İkardi ilə Raşiça 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Raşiça bir mövsüm üçün 1,5 milyon avro qazanacaqsa, İkardi 6 milyon 750 milyon avro gəlir əldə edəcək. “Sarı-qırmızılar” PSJ və “Norviç”ə icarə haqqı ödəməyəcək. Əksinə, İkardinin bir mövsümlük maaşının 6 milyonu Fransa nəhəngi, qalan 750 min avrosu isə Türkiyə klubu tərəfindən ödəniləcək.

Yensen və Dəmir isə birdəfəlik transfer olunub. Yensenin transferi yeni klubuna 1 milyon 750 min avroya başa gəlib. Futbolçunun özü ilə 4 illik müqavilə imzalanıb. O, hər mövsüm 400 min avro qazanacaq. Yusufa görə isə “Rapid”ə 6 milyon avro ödəniləcək. 4 illik müqaviləyə imza atan Dəmir, ilk mövsümündə 650 min avro qazanacaq. Sonrakı mövsümlərdə isə bu məbləğ müvafiq olaraq 750, 850 və 950 min avroya yüksələcək.

Mauro İkardi 2019-cu ilin sentyabrından PSJ-də forma geyinir. O, Fransa nəhəngində 92 oyuna çıxıb, 38 qol vurub. Argentinalı hücumçu daha öncə İtaliyada “Sampdoriya” və “İnter”in də uğurları üçün çalışıb. 29 yaşlı futbolçu Argentina yığmasında da 8 oyuna çıxıb və 1 qol vurub.

Milot Raşiça ötən ilin yayında Almaniyanın “Verder” klubundan 11 milyon avro qarşılığında “Norviç”ə keçib. O, İngiltərə komandasının heyətində 40 oyunda 2 qol vurub. 26 yaşlı vinger daha öncə “Vuştrria” və “Vitess”də də forma geyinib. Vaxtilə Albaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Raşiça, 2016-cı ildən Kosovonun əsas millisinə dəvət alır. O, yığmada 44 oyunda 8 qol vurub.

Matias Ross Danimarkanın “Olborq” klubunun öz yetirməsidir. 21 yaşlı mərkəz müdafiəçi yalnız bu komandanın formasını geyinib. O, 2018-ci ildən dəvət aldığı klubun əsas komandasında 104 oyuna çıxıb və 6 qol vurub. Gənc müdafiəçi Danimarkanın U-21 yığmasında da forma geyinir.

Yusuf Dəmir isə Avstriyanın “Rapid” (Vyana) klubunun yetirməsidir. O, 2019-cu ildən klubun əsas komandasına cəlb olunmağa başlayıb. 19 yaşlı yarımmüdafiəçi 2021/22 mövsümündə İspaniyanın “Barselona” klubunda icarədə oynayıb. O, Kataloniya təmsilçisində 9 oyuna çıxsa da, fərqlənə bilməyib. Amma gənc vinger “Rapid”də keçirdiyi 51 matçda 10 qol vurmağı bacarıb. Türkiyə əsilli futbolçu Avstriyada dünyaya göz açdığı üçün, 2021-ci ildən bu ölkənin əsas yığmasında forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button