“Qalatasaray” 3 transferi eyni gündə açıqladı – RƏSMİ
Türkiyə çempionu “Qalatasaray” heyətini 3 yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, İstanbul nəhəngi eyni gündə Rayan Babel, Valentin Ozornvafor və Adəm Böyükü transfer etdiyini açıqlayıb. Bu barədə “sarı-qırmızılar”ın rəsmi saytı mlumat yayıb.
Hollandiya yığmasının da şərəfini qoruyan Babel İngiltərənin “Fulhem” klubundan transfer olunub. O, yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. 2 milyon avro imza pulu alan Rayan “Qalatasaray”da ilinə 2,5 milyon avro qazanacaq.
“Ayaks”ın yetirməsi olan Babel, karyerası ərzində “Liverpul”, “Hoffenhaym”, “Əl-Əyn”, “Deportivo” ilə yanaşı, Türkiyənin “Kasımpaşa” və “Beşiktaş” klublarında da forma geyinib. Bu ilin yanvar ayında məhz “Beşiktaş”dan “Fulhem”ə gedən 33 yaşlı forvard İngiltərə klubunda 14 oyuna 5 qol vurub.
Nigeriyanın “Enyimba” klubundan transfer olunan Ozornvafor isə 4 illik müqaviləyə imza atıb. Nigeriyalı mərkəz müdafiəçisinin transferi qarşılığında “Qalatasaray” onun sabiq klubuna 300 min avro transfer haqqı ödəyib. 20 yaşlı futbolçu özü isə qarşıdakı mövsümdə 100 min, 2020/21 mövsümündə 125 min, 2021/22 mövsümündə 150 min, 2022/23 mövsümündə 200 min avro məvacib alacaq.
Türkiyə yığmasında da 4 oyuna çıxmış Adəm Böyük isə “Qalatasaray”a “Yeni Malatyaspor”dan gəlib. O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb. “Sarı-qırmızılar” sözügedən futbolçuya qarşıdakı mövsümdə 3,5 milyon, 2020/21 mövsümündə isə 4 milyon Türkiyə lirəsi ödəyəcək.
“Beşiktaş”ın yetirməsi olan Adəm, karyerası ərzində “Zeytunburnuspor”, “Akçaabat Sebatspor”, “Altay”, “Manisaspor”, “Boluspor”, “Mersin İdmanyurdu” və “Kasımpaşa” klublarında da forma geyinib. 32 yaşlı hücumçu “Yeni Malatyaspor”da 2017-ci ildən forma geyinirdi.
Bizi Facebook-da izləyin