“Bu, bizi həvəsdən salmamalıdır” – Azərbaycan millisinin üzvü
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Kristina Besman açıqlama verib.
Komanda.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmanın toppaylayıcısı, Avropa çempionatına hazırlıqla bağlı fikirlərini bildirib:
“Avropa çempionatının başlamasına sayılı günlər qalıb. Bütün iştirakçılar kimi biz də hazılığın son mərhələsindəyik. Bosniya və Herseqovinada məşqlərimiz davam edir və burdan birbaşa Serbiyaya yola düşəcəyik.
Avropa çempionatına hazırlığımız iyun ayında başlayıb. İki ay ərzində təlim-məşq toplanışları və yoxlama oyunlarımız olub. Düzdür, keçirdiyimiz yoxlama oyunlarda məğlub olduq, amma bu, bizi həvəsdən salmamalıdır. Artıq komandamız burda tam heyətlə məşqlərə davam edir. Olena Xarçenko da Bosniya və Herseqovinadan bizimlə məşqlərə qatılıb. İnanıram ki, oyunlarda Olenanın komandamıza çox böyük köməyi olacaq.
Bu mənim 4-cü Avropa çempionatımdır. Hər bir idmançı kimi mən də meydançaya qalıb gəlmək üçün çıxıram. Düşünürəm ki, biz hər birimiz özümüzə inansaq və meydançada gözəl oyunumuzu oynasaq, o zaman daha rahat qələbə qazana bilərik”.
Avropa çempionatının final mərhələsinin A qrupunda yarışacaq Azərbaycan millisi Belçika (20 avqust), Bosniya və Herseqovina (21), Rusiya (22), Serbiya (24) və Fransa (25) ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin