“Qələbəyə layiq idik” – Holts
Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Luk Holts UEFA Millətlər Liqasının 1-ci turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
- Qələbəyə layiq idik. Çünki son dəqiqəyə kimi oyunda üstün tərəf idik. Əvvəl belə bir oyun göstərəcəyimizi düşünmürdüm. Amma son iki məşqdən sonra yaxşı olacağını fikirləşirdim. Azərbaycan yığması qırmızı vərəqədən sonra demək olar, 10 nəfərlə müdafiə olundu və bu, bizim işimizə yaradı.
- Azərbaycan millisinin oyunun əvvəlindən müdafiə oyunu oynamasına təəccübləndiz?
- Xeyr, təəccüblənmədim. Canni De Byazi yeni baş məşqçidir və onun 4-4-2 sistemiylə oynayacağını təxmin etmişdim. Azərbaycan hesabı açandan sonra futbolçularım meydanda yaxşı mübarizə apardı və komandam yaxşı oyunla yadda qaldı.
- Vahid Selimoviç nə üçün start heyətdə meydana çıxdı?
- Onun performansından razıyam. O, digər futbolçulardan daha təcrübəlidir və ona görə start heyətdə meydana çıxdı.
- Jerson Rodriqesin əvvəlcədən penaltini vuracağıyla bağlı tapşırıq var idi?
- Bəli, əvvəlcədən planlaşdırmışdıq.
- Növbəti oyunlarda orta xəttdə dəyişiklik etməklə bağlı planlarınız var? Bu gün yarımmüdafiəçilər mükəmməl oyun sərgilədilər…
- Futbol fəlsəfəm ondan ibarətdir ki, hər mövqedə keyfiyyətli futbolçular olsun. Bu gün meydanda dominantlığımız son oyunlarda görünməyən bir şey idi. Komandam həqiqətən bu gün möhtəşəm oyun sərgilədi.
- Dünən dediz ki, Millətlər Liqası yeni başlayır və komandalar haqda fikir bildirə bilmərəm. Bu oyundan sonra nə düşünürsüz?
- Monteneqro bu qrupun favoritidir. Digər komandaların gücü də orta səviyyəlidir. Ümid edirəm ki, başladığımız kimi davam edərik.
- Azərbaycan milli komandası bu gün rəqibin qələbəsi üçün hər şeyi etdi – qırmızı vərəqə, avtoqol və penalti. Növbəti rəqiblərinizdən də bunu gözləyirsiz?
- Açığı, bunları gözləmirdim. Məncə, qırmızı vərəqə, avtoqol və penalti olmasına baxmayaraq, möhtəşəm oyun sərgilədik. Bu gün qələbəyə layiq idik.
- Lüksemburqun oynadığı futboldursa, Azərbaycanın oynadığı nə idi?
- Ola bilsin ki, yeni baş məşqçinin oyun fəlsəfəsi belədir. Azərbaycan millisinin futbolunda daha əvvəl inkişaf var idi, ispan stili idi. Yəqin baş məşqçi indi nəyisə dəyişmək istəyir və ona da vaxt lazımdır.
- Dünən Azərbaycanın favorit olduğunu dediz, bu gün də Monteneqronun…
- Azərbaycan Lüksemburqla oyunda favorit idi. Monteneqro isə qrupun favoritidir.
- Daha əvvəl Lüksemburqun rəsmi oyunlarda səfərdə qələbə qazanmasını xatırlayırsız?
- Əlbəttə, səfər qələbəmiz olub. Ümumilikdə 18-19 qalibiyyətimiz olub. Son Millətlər Liqasında səfərdə Maltanı, San Marinonu, Moldovanı məğlub etmişik.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin