“Qəbələ”nin tarixdə 5-ci, ardıcıl 3-cü çempionluğu
“Qəbələ” AFFA tərəfindən təşkil olunan Gənclər Liqasının 5 qat qalibidir.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” İcraiyyə Komitəsinin qərarı ilə liderlik etdiyi 2019/20 mövsümünün çempionu elan olunub. Bu, klubun bu yaş qrupunda mübarizə aparan komandalarının ardıcıl 3-cü, ümumilikdə 5-ci zəfəridir.
2012/13 mövsümündən indiki formatda keçirilməyə başlayan, əvvəl U-19 Liqası adlanan yarışın ilk qızıl medallarını da “Qəbələ” qazanıb. 2015/16 mövsümündə isə komanda ikinci dəfə ölkənin ən yaxşısı olub. 2017/18 və 2018/19 mövsümlərində də hamını qabaqlayan U-19 cari çempionatda pentakampeonluğunu rəsmiləşdirib.
8 mövsümdə hamıdan çox – 5 dəfə qalib olan “Qəbələ” heç vaxt mükafatsız da qalmayıb. 2013/14 və 201617 mövsümlərində yalnız çempiondan geri qalıb, gümüş mükafatla kifayətlənən “qırmızı-qaralar”ın ən uğursuz nəticəsi bürünc medaldır. Bu, 2014/15 mövsümünə təsadüf edib.
Aktivində 5 qızıl, 2 gümüş və 1 bürünc olan “Qəbələ” ilk çempionluq istisna olmaqla hər zəfərdə avrokuboka vəsiqə qazanıb. UEFA Gənclər Liqasında debütü 2016/17 mövsümündə reallaşan futbolçular son iki yarışda da Azərbaycanın təmsilçisi olub. 2018/19 və 2019/20 mövsümlərindən sonra yenidən qitə səhnəsinə çıxacaq komanda ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə avrokubokda oynayacaq.
Xatırladaq ki, U-19 “Qəbələ”nin cari mövsümdə çempion olan üçüncü komandasıdır. Bunadək “Qəbələ”nin U-15 və U-16 komandaları da qalib elan edilib.
Bizi Facebook-da izləyin