“Qəbələ”nin iki futbolçusu üçün yubiley matçı
“Qəbələ” Azərbaycan Premyer Liqasında 80-ci səfər qələbəsini qazanıb.
Komanda.az xəbər verir ki, bu, 25-ci turun “Zirə” ilə görüşünə təsadüf edib. “Qırmızı-qaralar” Bakıda 3:0 hesabı ilə qalib gəlib.
Bu, “Qəbələ”nin çempionatda rəqib meydanlarında keçirdiyi 233-cü qarşılaşmada gerçəkləşib. Digər matçlarda 57 heç-heçəsi olan “qırmızı-qaralar” 96 dəfə uduzub.
“Qəbələ”nin Premyer Liqada ilk səfər qələbəsi 2006/07 mövsümünə təsadüf edib. 2006-cı il avqustun 26-da bu komanda Qusar “Şahdağ”ını 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Bu oyun “Qəbələ”nin kapitanı Asif Məmmədov üçün əlamətdar olub. O, Premyer Liqada 150-ci dəfə sözügedən klubun formasını geyinib. 90 dəqiqə meydanda olan futbolçu 3:0 hesablı qələbəyə sevinib.
Asif “Qəbələ”nin heyətində 2006/07 mövsümündə debüt edib. 8 illik fasilədən sonra 2015-ci ilin yayında komandaya dönən oyunçu indiyədək 150 çempionat matçında 13 qola imza atıb. Kapitan “qırmızı-qaralar”ın Premyer Liqada ən çox oyun keçirən futbolçuları arasında yalnız Ürfan Abbasovdan geri qalır.
Yeri gəlmişkən, Ürfan Abbasov da “Qəbələ”nin heyətində Premyer Liqada 200-cü oyununu keçirib. “Zirə” ilə səfər matçına qədər çempionatda 199 dəfə “qırmızı-qaralar”ın formasını geyinən vitse-kapitan yubiley görüşünə start heyətində çıxıb. Lakin zədələnən Abbasov 34-cü dəqiqədə əvəzlənib.
“Qəbələ”nin tarixində həm ümumi, həm də çempionatdakı oyun sayında rekordçu olan Ürfan 2012-19-cu illərdə çıxış etdiyi komandaya cari mövsümün startı öncəsi qayıdıb. O, Premyer Liqadakı 200 matçda 4 qol vurub.
Bizi Facebook-da izləyin