“Özümü Azərbaycanda yoxlamaq, ispan futbolçuya nə qədər dəyər verildiyini görmək istədim”
“Qəbələ”nin futbolçusu Fernan Ferreyra Lopes İspaniya mətbuatına müsahibə verib.
Komanda.az xəbər verir ki, Fernan, əvvəlcə “Qəbələ”yə keçidi haqda danışıb:
“Özümü Azərbaycanda yoxlamaq, ispan futbolçuya nə qədər dəyər verildiyini görmək istədim. Burda insanlar səni tanımadan, necə oyunçu olmağını bilmədən də hörmətlə yanaşırlar. “Barakaldo”dan ayrıldıqdan bir həftə sonra təklif almışdım. Düşünürdüm ki, uyğunlaşmaq üçün daha çox vaxt lazım olacaq. Bakı həyat üçün çox gözəl şəhərdir.
Bəxtim gətirib ki, Premyer Liqada ispan futbolçular çoxdur və onlar mənə kömək etdilər. Bunu yüksək qiymətləndirirəm. İspaniyanın aşağı dəstəsində çox ilişib qalmışdım. Bu səbəbdən də, yeni təklifin yaxşı imkan olduğunu düşünərək təklifi qəbul etdim.
Azərbaycan çempionatı çox peşəkar liqadır. Meydançalar böyükdür və yalnız biri süni örtüklüdür. İspaniyada oynadığım liqada meydançalar kiçik, bərbad və süni örtüklü idi. İlk vaxtlar mənə bir az çətin idi. Amma artıq uyğunlaşmışam. Hər matçda yaxşı oynamağa çalışırıq. Azərbaycanda Avropa futboluna maraq böyükdür. Burda “Barselona” və Pep Qvardiola çox sevilir”.
Fernan Lopes “Qəbələ” forması ilə avrokuboklarda debüt etməsi haqda da danışıb:
“Bu təcrübə mənim üçün gözəl oldu. Çünki Avropa Liqasında oynamaq imkanı qazandım. Bu, çox yüksək səviyyədir. Bundan çox xoşlandım. Çünki gördüm ki, bu səviyyədən çox uzaq deyiləm. Burda ingilis dilini bilmək kifayət etmir. Çünki yerli adamlar bu dili pis bilirlər. Onlar azərbaycanca və ya rus dilində danışırlar. Burda olduğum vaxtdan rus dilini öyrənməyə başlamışam.
Liqada tam fərqli səviyyə olan “Qarabağ”la heç-heçə etdik. Bir qələbə qazanmaqla turnir cədvəlində irəliləyə bilərik. Azərbaycanda oynamaq mənim üçün tramplindir ki, daha peşəkar liqalara keçim, ya da elə burda möhkəmlənim. Ölkə xaricində çıxış edərkən daha çox komanda və daha çox imkanlar görmək olur”.
Bizi Facebook-da izləyin