“Qəbələ”, uşaqların haqqını yemə

Rəşad Ergün

Bu gün futbol dünyası “Liverpul”un hücumçusu Dioqo Jotanın avtomobil qəzasında ölməsi xəbəri ilə üzüldü. Azərbaycanın futbola könül verən kəsimini isə Jotanın faciəli ölümü ilə yanaşı, “Qəbələ”nin Futbol Akademiyasının fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdırdığı xəbəri də üzdü.

Qəbələ klubunun yaydığı bəyanata görə, akademiyanın fəaliyyətinin məhdudlaşdırılması maliyyə çətinliyi ilə bağlıdır.

Təbii ki, komandanın Premyer Liqaya yüksəlməsindən sonra daha çox maliyyə vəsaitinə ehtiyac duyması normaldır. Amma məsələnin üzücü tərəfi odur ki, “Qəbələ” rəhbərliyi Premyer Liqada yüksək yerlər uğrunda mübarizə aparmaq arzusunu azyaşlıların – uşaqların arzularını “məhdudlaşdırmaq”la həyata keçirmək qərarı verib.

“Qəbələ”nin Futbol Akademiyasına AFFA vasitəsi ilə bir il müddətinə 700 min manat ayrılıb (təzəlikcə). Həmçinin, ötən il milli komanda Estoniya yığması ilə qarşılaşanda Qəbələdəki stadionun rekonstruksiyasına da xeyli pul xərclənib. Bundan başqa, “Qəbələ”yə dəstək məqsədi ilə Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalarının Qəbələdə təlim-məşq toplanışı keçirilib. “Qəbələ”nin özü isə Premyer Liqada iştiraka görə birbaşa 2,5 milyon manat vəsait alacaq.

Bütün çılpaqlığı ilə aydındır ki, “Qəbələ” rəhbərliyi uşaq futbolunun inkişafına ayrılan pulu Premyer Liqada hədəflərinə çatmaq üçün xərcləmək niyyətindədir. Yaxşı, bəs, uşaqlar, onların arzuları, istəkləri, hədəfləri? Premyer Liqada hansısa pilləni tutmaq uşaq futbolunu bir kənara tullamaqdan daha önəmli olmamalıdır. “Qəbələ” kimi, “Şamaxı” da, “Karvan” da, “İmişli” də, hətta sponsora rəğmən, “Kəpəz” də kasad büdcə ilə Premyer Liqada mübarizə aparacaq. Uşaq futbolunun inkişafı üçün nəzərdə tutulan pulla əsas heyəti gücləndirib, “akademiyanın fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdırırıq” bəyanatı vermək “Qəbələ”yə yaraşmadı…

O pul “Qəbələ”nin akademiyası üçün ayrılıbsa, uşaqların haqqıdır. Uşaqların haqqını yeməyin!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button