“Qəbələ” üçün “Qarabağ”ın darmadağın etdiyi tanış rəqib

Bu gün Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə “Qəbələ”nin 2023/2024-cü illər mövsümündəki ilk rəqibi müəyyənləşib.

Ardıcıl ikinci mövsüm bu turnirdə mübarizə aparacaq “qırmızı-qaralar” Kiprin “Omoniya” klubu ilə üz-üzə gələcək.

Nikosiya şəhərini təmsil edən komandanın əsası 1948-ci ildə qoyulub. 75 yaşlı klub ev oyunlarını 22 min 859 tamaşaçı tutan “GSP Stadium”da keçirir.

“Omoniya” Kiprin ən titullu klublarından biridir. Nikosiya təmsilçisi 21 dəfə ölkə çempionu olub və 16 dəfə kuboku qazanıb. “Ağ-yaşıllar” Superkuboku rekord sayda – 17 dəfə əldə edib.

“Qəbələ”nin rəqibi Kipr çempionatının yüksək liqasını heç vaxt tərk etməyən üç klubdan biridir. “Omoniya”nın hesabında üç tripl (çempionluq, kubok, Superkubok) və beş dubl (çempionluq, kubok) var. Sonuncu dəfə 2020/21 mövsümündə qızıl medal qazanan “Omoniya” son iki ildə Kipr kubokuna sahib çıxıb.

Komandanın avrokuboklardakı debütü 1965/66 mövsümünə təsadüf edib. Uzun illər nikosiyalılar uğura həsrət qalıb, ən yaxşı halda bir mərhələ adlayıb. Lakin son illərdə “Omoniya” azarkeşlərini Avropada da sevindirməyə nail olub. Son üç ildə komanda iki dəfə Avropa Liqası, bir dəfə Konfrans Liqasında qrup mərhələsinə qədər irəliləyib. Nikosiyalılar Azərbaycan klubları ilə də görüşüb. “Omoniya” iki il əvvəl Konfrans Liqasının qrupunda “Qarabağ”la görüşlərdə bir xal əldə edib – 1:4, 2:2.

2023-cü ilin fevralından Sofronis Avqustinin çalışdırdığı “Omoniya” ötən mövsüm ölkə çempionatında 6-cı yeri tutub. Kubokun finalında isə AEL üzərində 1:0 hesablı qələbə qazanıb.

Xatırladaq ki, “Qəbələ” və “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab görüşü avqustun 3-də Kiprdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button