“Qəbələ” Türkiyə toplanışına start verdi
2023/24 mövsümünə hazırlaşan “Qəbələ” Türkiyə toplanışına start verib.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu şəhərində təşkil olunan təlim-məşq prosesinin ilk gününü yekunlaşdırıb.
Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə başa vurub. Günün ilk yarısında fitnes zalda hazırlıq keçən futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər. Meydanda baş tutan ikinci məşq toplu və topsuz çalışmalardan ibarət olub. Hazırlıq prosesi ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, “Qəbələ” sabah ilk yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” qardaş ölkədəki hazırlığın ikinci günündə Moldova təmsilçisi “Sukleya” ilə görüşəcək. Qarşılaşma komandanın məskunlaşdığı “Termal otel”in məşq bazasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Eyniadlı şəhəri təmsil edən “Sukleya”nın əsası 2018-ci ildə qoyulub. Növbəti il 2-ci liqanın Cənub zonasının çempionu olan komanda 1-ci dəstəyə vəsiqə qazanıb. 2020/21 mövsümündən burada çıxış edən “Sukleya” ötən çempionatda pley-offa vəsiqə qazansa da, ilk raunda mübarizəni dayandırıb.
Xatırladaq ki, Türkiyədəki təlim-məşq toplanışı iyulun 20-dək davam edəcək. “Qəbələ” Boluda üç yoxlama matçı keçirəcək.
Bizi Facebook-da izləyin