“Qəbələ” tarix yazdı” – Elmar Baxşıyev
“Daha çox komandama görə sevinirəm. Mövsüm ərzində çox çətin və əziyyətli günlər keçirdik. Futbolçulara təşəkkür edirəm. Komandam tarix yazdı. Daha da yaxşı “Qəbələ” görmək istəyirəm”.
Komanda.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun finalında “Neftçi”yə qalib gələrək titulu qazandıqları matçdan (1:0) sonra açıqlamasında deyib.
Mütəxəssis layiqli qələbə qazandıqlarını bildirib: “Futbolçular əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Düşünürəm ki, layiqli qələbə qazandıq”.
Baxşıyev kubokun qazanılmasının “Qələbə”nin büdcəsinin artmasına səbəb olub-olmayacağı haqda bunları deyib: “Mən bu komandanın daha güclü olmasını istəyirəm. Çalışacağıq ki, heyəti qoruyaq və yeni futbolçularla güclənək”.
Bu, Baxşıyevin baş məşqçi kimi ilk kubokudur. O, təəssüratlarını bölüşüb: “Əlbəttə ki, kuboku qazanmaq nailiyyətdir. Amma daha çox futbolçularıma görə sevinirəm”.
Baxşıyev “Rəqib baş məşqçi son dəqiqələrdə feyr-pleyə qarşı çıxdı. Bu haqda nə deyə bilərsiniz” sualına belə cavab verib: “Onu da başa düşmək olar. Komandası məğlub olurdu. Belə etmək istəməzdi. Amma bu, futboldur. Belə hallar olur”.
Bizi Facebook-da izləyin