“Qəbələ” rəsmisi Monrozun hərəkətinə görə üzr istədi

“Qəbələ”nin futbolçusu Stiven Monrozun Azərbaycan Premyer Liqasının son turunda “Keşlə” ilə keçirilən matçda ədəbsiz hərəkətə yol verməsinin səbəbi müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Səfiyarlı bildirib ki, fransalı hücumçu dördüncü hakim Rövşən Rəcəbovun israrından sonra şortunu tam yuxarı qaldırıb:

“Qaydalara əsasən, losin şortun rənginə uyğun olmalıdır. İndiyədək komandamız əksər oyunlara qara rəngli şortlarla çıxdığı üçün losin də qara olub. Amma bu dəfə səfər matçı olduğundan, ağ rəngli formada oynayırdıq. Monroz isə qara rəngli losin geyindiyindən, oyun vaxtı onu əynindən çıxarması tələb olunub. O da referinin tələbini yerinə yetirib, sadəcə, dəyişdirməyə macal tapmayıb. Meydana qayıtdığı vaxt dördüncü hakim ondan losini çıxarıb-çıxarmadığını soruşub. Monroz “çıxarmışam” desə də, Rəcəbov losini yığıb gizlətdiyini düşünərək, futbolçumuza qarşı israrlı davranıb. Nəticədə oyunçumuz şortunu tam yuxarı qaldırıb və bu da canlı yayıma düşüb”.

Bununla belə, “Qəbələ” rəsmisi futbolçunun cəzalanacağını vurğulayıb:

“İstənilən halda, Monrozun hərəkəti xoşagəlməz haldır və buna görə üzr istəyirik. Futbolçunun özü pul cəriməsinə məruz qalacaq”. (sportnet.az)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button