“Qələbə qazananda səhvlər çox yadda qalmır” – Milli üzvü
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Slovakiya yığmasını 4:1 hesabı ilə məğlub edib.
Komanda.az xəbər verir ki, millinin üzvü Xətai Bağırov federasiyanın saytına verdiyi açıqlamada oyunla bağlı fikirlərini bildirib:
“Birinci oyun hər zaman çətin keçir. Həm də 10 aydan çoxdur ki, zalda məşq etmir, oyun keçirmirdik. Otən ilin noyabrında Çempionlar Liqasında cəmi bir görüşdə iştirak etmişik. Oyuna gəldikdə, yaxşı başladıq, hesabı açdıq. Sadəcə, sonra yaratdığımız qol epizodlarını boşa verdik”.
Bağırov, özünün real qol epizodlarını boşa verməsini isə belə izah edib:
“Elə mənim qol vurmaq üçün iki yüz faizlik şansım oldu, istifadə edə bilmədim. Bunun hamısı zalda məşq etməməyimizin, oyun keçirməməyimizin nəticəsidir. Oyunla məşq eyni effekti vermir. Zala demək olar, hələ tam öyrəşməmişik. Çətinliyə baxmayaraq, ikinci hissənin sonuna yaxın hesabı xeyrimizə dəyişdik, ardıcıl qollar vurduq. Qələbə qazananda səhvlər çox yadda qalmır, gözə görünmür. Vacib olan qələbə qazanmaq idi, bunu bacarmaqla çox şeyin üzərindən xətt çəkdik”.
Yunanıstanla oyun haqda da fikirlərini bölüşən hücumçu, bunları deyib:
“Uğurlu başlanğıcın davamını Yunanıstanda gətirməliyik. Az vaxtımız var. Bu ölkənin yığması ilə qarşılaşmasaq da, son çempionları ilə Çempionlar Liqasında üz-üzə gəlmişik. AEK-in üzvlərinin əksəriyyəti millinin oyunçularıdır. Baş məşqçi də hər iki yerdə çalışır. Yəni oyun üslubuna bələdik. Səfərdən yaxşı nəticə ilə qayıdacağımıza inanıram”.
Millinin üzvü Afinadan döndükdən sonra da məşqlərə fasilə verməməyin vacibliyini qeyd edib:
“Məşqlərimizi davam etdirməliyik. Çünki martda və apreldə vacib oyunlarımız var. Yeni-yeni formaya düşürük. Fasilə versək, sonrası yaxşı olmayacaq. Bunu “Araz”ın timsalında yaşadıq. Noyabrda reytində və gücdə bizdən zəif olan komandaya yenildik və mübarizəni dayandırdıq”.
Milli komanda fevralın 2-də Afinada Yunanıstanla qarşılaşacaq.
Bizi Facebook-da izləyin