İsgəndər Cavadovun rüsvay olduğu oyun, “Qəbələ”nin çempionluğu
“Qəbələ” U-16 Liqasının çempionu olub.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, bu, yarışın 23-cü turunda rəsmiləşib. Səfərdə İsgəndər Cavadov BFA ilə görüşən “qırmızı-qaralar” rəqib meydanında 6:0 hesablı qələbə qazanıb. Qələbədən sonra “Qəbələ” xal hesabını 61-ə çatdırıb.
Liderin ən yaxın izləyicisi “Sabah”ın turu xal itkisi ilə başa vurması qızıl medalların taleyinə aydınlıq gətirib. “Sumqayıt”la qarşılaşmada 1:1 hesablı heç-heçə edən bakılıların aktivindəki xal sayı 52-yə yüksəlib.
Nəticədə yarışın sonuna 3 tur qalmış “Qəbələ” ilə izləyicisi arasında xal fərqi 9-a çatıb. Şəxsi oyunlarda (1:0, 2:1) paytaxt təmsilçisini üstələyən “qırmızı-qaralar” izləyiciləri üçün əlçatmaz olub və çempion titulunu təmin edib.
Bu, “Qəbələ”nin cari mövsümdə qazandığı ikinci tituldur. U-16-dan əvvəl U-19 komandası da Azərbaycan çempionu adına yiyələnib.
Bizi Facebook-da izləyin