“Evdəkilərlə təmasda olmadan 2 həftə bir otaqda qaldım” – “Qəbələ”nin legioneri
“Qəbələ”nin futbolçusu Fernan Lopes İspaniya mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, “lavozdegalicia.es” saytına danışan 25 yaşlı yarımmüdafiəçi, İspaniyaya qayıdarkən iki həftəlik karantində qaldığını deyib:
“Azərbaycanda əvvəl etdikləri tək şey çempionatı dayandırmaq oldu. Məhdudiyyətlər var idi, ancaq tam karantin deyildi. Ancaq bunun ola biləcəyini ehtimal etdim və karantin müddətində tək qalmamaq üçün geri qayıtmağa qərar verdim. Klubla danışdım və mənə icazə verdilər. Gələndən bir neçə gün sonra karantin rejimi tətbiq olundu.
Karantində qalmalı olmayacağım bir ölkəyə getmək istəyirdim. Hansı yerlərin güvənli olduğunu öyrəndim və ən yaxşısı London idi. Bakıdan Londona, ordan da Madridə getdim. Madriddə hava limanı bomboş idi, amma hər şey normal görünürdü. Sonra atam gəldi və getdik. Yollar da boş idi, amma heç kim mənə heç nə demirdi.
Evə gələndən sonra otağımda 14 günlük karantində qaldım. Atam riskli adamdır. Evdəkilərlə təmasda olmadan, bir otaqda qaldım. İndi o müddəti geridə qoymuşam və normal karantinə qayıtmışam”.
Lopes, həftədə 6 gün məşq etdiyini və “Qəbələ” ilə əlaqə saxladığını da deyib:
“Hər iki gündən bir mənimlə əlaqə saxlayırlar. Necə olduğumu bilmək üçün mənimlə danışırlar və mənə oradakı vəziyyətin necə olduğunu deyirlər. Federasiyanın qərarını gözləyirik ki, görək necə olacaq. Azərbaycan çempionatında 8 tur qalıb və kubok oyunları da var.
İlk vaxtlar çətin idi, amma uyğunlaşa bildim, qollar vurdum, məhsuldar ötürmələr verdim. Komanda mövsümə başlayanda eniş və yüksəlişlər yaşadı. Forma yığıb irəliləməyə başladığımız zaman 3 futbolçumuz başqa kluba keçdi. Ancaq yenə toparlana bildik”.
Bizi Facebook-da izləyin