“Qəbələ”dən Boluda ikinci qələbə
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” üçüncü yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Boludakı hazırlıq prosesi çərçivəsindəki son görüşündə Şimali Makedoniya təmsilçisi “Qostivar”la üz-üzə gəlib.
Matç “Qəbələ”nin məskunlaşdığı “Termal otel”in məşq bazasında baş tutub.
Baş məşqçi Elmar Baxşıyev aşağıdakı start heyətinə şans verib: Kristof Atanqana, İlkin Qırtımov, Murad Musayev, Ürfan Abbasov, Lukas Afriko, Gilad Abramov, Bilel Auaşeriya, Emil Səfərov, Ahmed Ayzaya, Ülvi İsgəndərov, Osama Xalayla.
Oyun “Qəbələ”nin üstünlüyü ilə keçib. “Qəbələ” futbolçuları hesabı ilk yarının sonlarında açıb. Öncə meydana sonradan daxil olan Əyyub Allaş fərqlənib. Fasilə ərəfəsində Osama Xalayla qol sevinci yaşayıb.
İlk yarıda olduğu kimi ikinci 45 dəqiqədə də hər iki tərəfin heyətində dəyişikliklər olub. “Qəbələ”nin yeni legioneri ikinci hissənin əvvəlində dublunu rəsmiləşdirib. Balkanlılar bu toplardan yalnız birinin əvəzini çıxa bilib. Beləliklə, Boluda ikinci qələbəsini qazanan “Qəbələ” toplanışı 2 qalibiyyət və 1 heç-heçə ilə başa vurub.
Xatırladaq ki, Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” Moldova “Sukleya”sı (4:2) və Rusiya “Orenburq”u (1:1) ilə qarşılaşıb.
Bizi Facebook-da izləyin