Əhmədov hakimlikdən narazı qalıb: “Qəbələdən bir xalla qayıtmaq bizim üçün yaxşı nəticədi”
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun keçdi. “Qəbələ”nin bizə qarşı aqressiv oynayacağını gözləyirdik. Rəqib ikinci hissədə daha yaxşı oynadı. Uşaqlara meydanda daha hərəkətli olmağı tapşırmışdım ki, onlar da bunun öhdəsindən gəldilər. Oyun epizodlarında bəzi boşluqlarımız var idi. Məncə, Qəbələdən bir xalla qayıtmaq bizim üçün yaxşı nəticədi”.
Paytaxt klubunun çalışdırıcısı mübahisəli penalti epizodu barədə də danışıb:
“Coşqunun epizodu barədə videotəkrara baxdıqdan sonra fikir bildirə bilərəm. Rauf Cabbarov təcrübəli hakimdi, ona hörmətlə yanaşıram. Ancaq həmin epizodda Kərim topu kənara vuranda, bunu 2-ci top kimi etdi. Kənardan elə göründü. Epizodun təkrarına baxdıqdan sonra dəqiq fikir söyləmək olar. 2-3 epizodda “Qəbələ”nin futbolçuları da topu kənara vurdular. Nə deyim? Bu, AFFA Hakimlər Komitəsinin işidi. Onlar baxıb qərar verməlidilər”.
Bizi Facebook-da izləyin