“Qəbələ” təmsilçisinin Strasburq sınağı
Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək.
Komanda.az xəbər verir ki, 25 yaşlı azərbaycanl idmançı nüfuzlu “Glory” seriyasında qüvvəsini sınayacaq. Yarımorta çəki dərəcəsində seriyanın reytinq birincisi olan Nəbiyev Fransanın Strasburq şəhərində təşkil edilən “Glory64” çərçivəsində rinqə çıxacaq.
Martın 9-da keçiriləcək döyüşdə Alimin rəqibi Surinam əsilli Hollandiya kikboksçusu Murtel Qroenhart olacaq. Sabah isə idmançıların çəki mərasimi baş tutacaq.
Təmsilçimizin 33 yaşlı rəqibi peşəkar rinqdə keçirdiyi 91 qarşılaşmada 65 qələbə qazanıb, 23 məğlubiyyət alıb və 3 dəfə heç-heçəylə kifayətlənib. “Glory” reytinqində 3-cü olan hollandiyalı bu seriya çərçivəsində keçirdiyi 18 döyüşdə 11 dəfə qələbə qazanıbsa, 7 dəfə məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, “Glory” seriyasında keçirdiyi 5 döyüşdə 4 qələbə və 1 məğlubiyyəti olan Nəbiyev ümumilikdə 57 dəfə rinqə çıxıb. Onun hesabında 50 qələbə və 7 yenilgi var.
Bizi Facebook-da izləyin