“Qəbələ” Rumıniya klubuna qalib gəldi
Yeni mövsümə hazırlığı davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Çiksereda” klubu ilə görüşüb.
118 il əvvəl əsası qoyulan bu klub Liqa 2-də mübarizə aparır. Komanda ötən mövsümü 7-ci pillədə başa vurub. Aşağı liqalarda oynamasına baxmayaraq, zəngin tarixi olan klub 1904-1919-cu illərdə Avstriya-Macarıstan, 1919-1940-cı illərdə Rumıniya, 1940-1944-cü illərdə isə Macarıstanı təmsil edib. 2-ci dünya müharibəsindən sonra Rumıniyanın aşağı liqalarında var-gəl edən “Çiksereda” ən böyük uğurlarını 2018/19 mövsümündə əldə edib. Liqa 2-də çempion olan komanda ikinci dəstəyə yüksəlib. Həmin mövsüm komanda Rumıniya kubokunda 1/4 finala qədər irəliləməyi bacarıb.
“Qəbələ” ilə Rumıniya təmsilçisi arasında qarşılaşmada qapılara üç qol vurulub. Yekunda Azərbaycan təmsilçisi meydanı qələbə ilə tərk edib. Elmar Baxşıyevin baş məşqçi olduğu komandadan qolları 3-cü dəqiqədə Rövlan Muradov və 52-ci dəqiqədə Asif Məmmədov vurub.
Xatırladaq ki, “Qəbələ” daha öncə iyulun 5-də Super Liqa klubu “Qaziantep”lə (1:2) üz-üzə gəlib.
Yoxlama oyunu
12 iyul
Qəbələ – Çiksereda 2:1
Bizi Facebook-da izləyin