Fariz Nəcəfov: “Şayiələrin olmasına səbəb, hər mövsüm büdcəmizin bir qayda olaraq azalmasıdır” – Müsahibə
“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfovun Komanda.az saytına müsahibəsi:
- Fariz bəy, “Qəbələ”nin Futbol Akademiyasının bağlanacağı haqda şayiələr var. Bunlar nə dərəcədə reallığı əks etdirir?
- Şayiələrin olmasına səbəb, büdcəmizin hər mövsüm bir qayda olaraq azalmasıdır. Növbəti mövsüm üçün büdcəmizi formalaşdırmağa hazırlaşırıq. Ümid edirəm ki, lazım olan büdcəni təmin edə biləcəyik!
- Sponsor axtarışlarınız nə yerdədir?
- Klub olaraq hər kəs öz üzərinə düşən öhdəliyi maksimum dərəcədə yerinə yetirməyə çalışır. Əlavə maliyyə dəstəyi üçün aparılan axtarışlara məlum vəziyyətə görə ara vermək məcburiyyətində qalmışıq. Ümid edirəm ki, ümumi vəziyyət tezliklə normallaşar.
- Maliyyə sıxıntılarınız var idi, bir də koronavirus pandemiyasına görə problemlər yaranıb. Futbolçuların məvaciblərində azalma olacaq?
- Məvaciblərdə azalma və yeni müqavilələr haqda futbolçuların hamısı ilə bir-bir görüşüb, danışılacaq.
- Yəni, olacaq…
- Qarşılıqlı razılaşma əsasında… Ola bilər ki, olsun.
- Artıq üç futbolçunuz “Sabah”la razılaşıb və yeni mövsümdə komandanı tərk edəcək. Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin satışı maliyyə problemlərinə görə oldu?
- Əlbəttə, maliyyə tərəfləri qədər yetirmələrimizin sonrakı inkişafı, onların uğurlu karyerası da bizim üçün çox vacib məsələdir.
- Amin Seydiyev əsas heyətin dəyişilməz üzvü idi. Onun yerini doldurmaq çətin olmayacaq?
- Amin də qısa müddət ərzində əsas heyətin üzvünə çevrilməyi bacardı. Aşağı yaş qruplarında onu əvəz edəcək futbolçularımız var. Əlbəttə, istərdik ki, Amin uzun müddət komandasında çıxış etsin. Amma bunlar futbolun reallığıdır.
- Bu üç futbolçudan başqa, yenə də komandadan ayrılanlar olacaq?
- Transfer dönəmində futbolçularımıza gələn istənilən təklifləri dəyərləndiririk. Klub üçün doğru bildiklərimizə qərar veririk. Ola bilsin ki, yenə ayrılanlar olsun. Ancaq indi bu haqda danışmaq çox tezdir.
- Fernan Lopesin komandadakı gələcəyi necə olacaq?
- Hazırda İspaniyadadır. Əvvəlcə onun qayıtması lazımdır. Eyni zamanda, növbəti mövsümlə bağlı planlarımızı yekunlaşdırıb, futbolçularla danışıqlara başlamalıyıq. Fernan bu mövsüm komandaya çox fayda verib. Onun komandada qalması üçün danışıqlarımız olacaq.
- Hazırda İsrailin “Hapoel” (Kiryat-Şmona) klubunda icarədə olan Ceyms Adeniyi ilə maraqlanırsızmı və o, komandaya qayıdacaq?
- Ceymslə daim əlaqədəyik. Onun da vəziyyəti digər müqaviləli futbolçular kimidir. Hansısa təklif gəlsə, dəyərləndirmək olar. Ancaq hazırda qəti fikir bildirmək üçün tezdir.
- İyunun 21-də Premyer Liqa bərpa olunacaq. “Qəbələ”nin hazırlıq durumu nə yerdədir?
- Təkcə bizim ölkədə yox, Avropada da komandalar istənilən şəraitdə toplanış keçə bilmədilər. Təbii ki, çətinlik olacaq. Bu, öncədən də bəlli idi. Ən vacib məqam odur ki, artıq hazırlığa başlamışıq. Məşqlərdə də futbolçuların necə həvəsli olduğunu görürük, həqiqətən də, meydança üçün darıxıblar. Ümid edirik ki, bütün komandalar üçün uğurlu dönəm olar. Xüsusilə, futbolçuların sağlamlığı barədə çətinlik yaşamarıq.
- İlk oyununuz səfərdə lider “Qarabağ”ladır. Oyunla bağlı fikirləriniz nədir?
- “Qarabağ” hazırda çempionatın lideri olmaqla yanaşı, uzun illərdir uğurlu çıxış edir. “Qarabağ”la bir neçə mövsüm çempionluq mübarizəsi apardıq. Təbii ki, bizim üçün çətin oyun olacaq. Amma bizim üçün hər görüş vacibdir. Ümid edirəm ki, komanda bu oyunda uğurlu nəticə əldə edəcək.
- Çempionatda hazırda sonuncu – 8-ci yerdəsiz. Mövsümün sonunda “Qəbələ”ni hansı pillədə görəcəyik?
- Sonuncu pillədə getsək də, rəqiblərlə olan xal fərqi 1-2 oyun sonra aradan qalxa bilər. Açığı, hazırda turnir cədvəlinə baxmağın əhəmiyyəti yoxdur, bunu futbolçular da başa düşür. Əsas məsələ yaxşı hazırlıq keçib, matçlarda qələbə qazanmaqdır. Komandaya çox inanıram və turnir cədvəlində irəliləyəcəyimizi düşünürəm.
- “Hazırda turnir cədvəlinə baxmağın əhəmiyyəti yoxdur” – bu fikirlərin yaranmasına səbəb, “onsuz da Premyer Liqanı heç kim tərk etmir” düşüncəsidirmi?
- Xeyr, yəni yaxşı hazırlıq keçmək və hər oyuna qələbə üçün çıxmaq lazımdır.
- Yeni mövsümdə “Qəbələ”nin iddiası nə olacaq?
- Önümüzdəki mövsümlə bağlı ilk iddiamız ölkə futboluna yeni adlar qazandırmaq olacaq. Nəticə ilə bağlı iddiamızı növbəti mövsüm ərəfəsində danışmaq daha düzgün olar.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin