“Pulumuz olsa, gör nağararıx”
Bir şeyi necə edirsənsə, hər şeyi elə edirsən
Vüsal “Aydın” Qəmbərov
2002-2003-cü illərdəki devrimə qədər Azərbaycan futbolunda, Fuad Musayevli Azərbaycan futbolunda ən böyük reallıq kasıbçılıq idi. O dövrlərin sonunu “Futbol+” qəzetində keçirmişik bir şəxs kimi, futbolçularımızın maaşları, maddi imkanlarından xəbərim var idi.
Vaxt var idi, futbolumuzda ən yaxşı maaşı alan 600 dollar gəlirlə “kral” olan Vadim Vasilyev idi. Futboldan pulu başqa yollarla qazanırdılar, söz yox. Əsas halal gəlir yolu isə “padyomnıy” idi – transferdə futbolçulara ödənilən başlanğıc məbləğ. O vaxtın minlərlə dolları belə, sonradan bir ara qazanılan aylıq maaşların yanında heç nə idi.
Hə, nə başınızı ağrıdım, maddi imkan və şəraitsizlik futbolumuzun ən böyük baryeri sayılırdı. “Pulumuz olsa, gör nağararıx” deyirdilər.
Sonra SOCAR gəldi və futbolu nəzəratə götürdü, klublar müxtəlif iş adamların kurasiyasına verildi, Mübariz Mənsimov “Xəzər Lənkəran” ilə ölkə futbolunda inqilabi addımlar atdı, görmədiyimiz legionerləri görməyə başladıq, artıq avrokuboklarda bir tur keçmək bəs eləməməyə başladı.
Amma…
Bütün bu dəyişikliklərin heç təsiri olmayan bir yaramız qaldı və davam edir – Yığma komanda!
Rəqəmlə ifadə etmək lazımdırsa, böyük pullar gələndən sonra klublarımızın UEFA reytinqi 45-48-lərdən 25-30-lara yüksəldi. Artıq rəqiblərimiz İslandiya, Farer, Estoniya yox, Rumıniya, Polşa, Macarıstan çempionatları oldu.
Amma yığmamız elə üç rəqəmli pillələrdə var-gəl edir.
Nə demək istəyirəm?
O vaxt nə idisə, indi də elədir. İşə yanaşma dəyişmədiyi müddətdə, pul məsələni çözmür.
Bəs klublarımız niyə uğurlu oldu?
Legionerlərə görə. Və ən uğurlu hallarda menecmentə görə.
Sadıq Sadıqov və komandası elə-belə iş görməmişdi. Onun sayəsində “Neftçi” qrup mərhələsinə yüksəldi. Və ya Tale Heydərovun “Qəbələ”sində özünün liderliyi və Səbuhi, Zaur kimi peşəkarların iştirakı fərq yaradırdı.
Və Qurban Qurbanov.
Qurban Qurbanovun işə yanaşması əvvə nə idisə, indi də odur.
“Qarabağ”ın uğurlarında bir də “Azersun” faktoru var. Planlama, büdcəyə nəzarət, komanda işi. Bunlar “Azersun” şirkət kültürüdür. “Azersun” hər işini necə görürdüsə, “Qarabağ”ı da elə idarə etdi və edir, ona görə də, Avropanın ikinci dərəcəli çempionatlarından son 7 ildə fasiləsiz qrup mərhələsinə çıxan cəmi iki klub var: “Seltik” və “Qarabağ”.
Sonda deyim ki, heç kim hər zaman uğurlu olmur. Amma işini düzgün görənlər əvvəl-axır öz sözünü deyir, yoxsa Azərbaycan futbolçusu kimi, stadionda yel əsdirmək əvəzinə avtoyollarda “qonka”ya çıxmır…
Bu haqda danışdığım videoya keçid üçün: (https://www.youtube.com/watch?v=RE_rUzWNlCs)
P.S. Bu tipli mövzulardan danışdığım “VloQ YouTube” kanalına abunə ola bilərsiniz.
Bizi Facebook-da izləyin