PSJ-nin futbolçusu “Roma”da
İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi Fransa çempionu PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldumu heyətinə qatıb.
Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb. Niderlanddan olan 31 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Müqavilədə futbolçunun satın alınmasına dair də bənd var. Yarımmüdafiəçinin bazar dəyəri 18 milyon avro qiymətləndirilir. O, yeni komandasında 25 nömrəli formanı geyinəcək.
Corcinyo Veynaldum peşəkar karyerasına “Feyenoord”da başlayıb. Daha sonra ölkəsində PSV-də forma geyinən futbolçu, 2015/16 mövsümünü “Nyukasl”da keçirdikdən sonra “Liverpul”a transfer olunub. Yarımmüdafiəçisi PSJ-yə də ötən ilin yayında məhz İngiltərə klubundan keçmişdi. O, Paris təmsilçisində indiyə qədər 38 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Veynaldum Niderland yığmasında da 86 oyuna 26 qol vurub.
Xatırladaq ki, Joze Mourinyonun çalışdırdığı PSJ daha öncə Paulo Dibala, Zeki Çelik, Nemanya Matiç və Mile Sviları da heyətinə qatmışdı. Veynaldumun gəlişi ilə yanaşı, paytaxt klubu öz yarımmüdafiəçisi Jordan Veretu ilə yollarını ayırıb. Fransadan olan 29 yaşlı futbolçu ölkəsinə qayıtmağa qərar verib. O, bundan sonra Marsel “Olimpik”inin uğurları üçün çalışacaq. Yarımmüdafiəçi yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb. Marsel klubu bu keçidə görə “Roma”ya 11 milyon avro ödəyəcək.
Jordan Veretu 2019-cu ildən “Roma”da çıxış edirdi. Yarımmüdafiəçi bu komandanın heyətində 131 oyun keçirib, 22 qol vurub. Fransa millisində 5 oyun keçirmiş futbolçu, “Nant”, “Aston Villa”, “Sent Etyenn” və “Fiorentina”nın da formasını geyinib.
“Olimpik” İspaniyadan olan mərkəz müdafiəçisi Alvaro Qonsaleslə də yollarını ayırdığını açıqlayıb. 32 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2019-cu ildən formasını geyindiyi Marsel klubunda 75 oyuna 3 qol vurub. Müdafiəçi daha öncə “Rasinq”, “Saraqosa”, “Espanyol” və “Vilyarreal”da da forma geyinib.
Bizi Facebook-da izləyin