PSJ – “Başakşəhər” matçında qalmaqal: oyun yarıda qaldı
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində Fransada yerli PSJ ilə Türkiyənin “Başakşəhər” klubu arasındakı qarşılaşma 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb.
Komanda.az xəbər verir ki, buna oyunun 4-cü hakimi Sebastyan Kolteskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub.
Üstəlik, matçın baş hakimi Ovidiu Hatseqan 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib.
“TRT Spor”a açıqlama verən “Başakşəhər”in prezidenti Göksel Gümüşdağ oyunu davam etdirmək üçün sadəcə bir tələblərinin olduğunu söyləyib: “Matçın dördüncü hakimi meydandan çəkilsə, oyunu davam etdirəcəyik. Dördüncü hakim meydanda qalsa, biz orada olmayacağıq”.
Artıq UEFA Türkiyə klubunun tələbini qəbul etmək məcburiyyətində qalıb. Qurumun rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma sabah qaldığı yerdən davam etdiriləcək. Görüşün 4-cü hakimi isə dəyişdiriləcək.
Bizi Facebook-da izləyin