“Problemlərimiz böyükdür” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyundan sonra fikirlərini paylaşıb.
Komanda.az xəbər verir ki, o, komandasının 6:0 hesabıyla qalib gəldiyi və növbəti mərhələyə adladığı matçı belə şərh edib:
“Hesab bizi aldatmasın. 6:0 olsa da, asan qələbə deyildi. Belə oyunlar çox çətindir. Motivasiya tam başqa olur. Futbolçuları aşağı liqa komandalarına qarşı oyuna kökləmək çox çətindir. Psixoloji cəhətdən özlərini yuxarıda hiss edirlər. Oyunçulara başa saldıq ki, “Şamaxı” yaxşı komandadır, yüksək səviyyəli oyunçuları var. Şadam ki, futbolçularım bunu anladı və oyuna ciddi yanaşdılar. Bizim də problemlərimiz böyükdür. Əsas heyətin 7-8 futbolçusu yoxdur. Bu, kiçik komanda üçün böyük itkilərdir. Bu il bir oyunumuz qalıb. Sıx qrafikdəyik. Çalışdım ki, heç bir futbolçu oyun ritmindən düşməsin. Bərpa olunmaq üçün vaxtımız da yoxdur. Son turda da uğurlu çıxış etməyə çalışacağıq. “Sumqayıt” ayın 18-də oynamışdı, biz bu gün oynadıq. Üç gündən sonra matç var. Çempionatın axırıdır, hər bir futbolçuda çemodan əhval-ruhiyyəsi var”.
Bizi Facebook-da izləyin