“Problemin kökünü bilirik” – Mahmud Qurbanov
“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 7-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlk hissədə daha istəkli idik. Mübarizələrin çoxundan qalib çıxırdıq. İkinci yarıda isə topa sahib olmaqda çətinlik çəkirdik. İlk qol da bu səbəbdən vuruldu. Müdafiədə buraxdığımız səhvlər matçın taleyini həll etdi.
Görünür, hələ çox işləməliyik. Çempionatdakı bəzi klublarla mübarizə aparmağa gücümüz çatmır. Hər dəfə futbolçulara sərt oynamağı tapşırırıq. Amma ikinci hissədə bunu edə bilmədik. Nəticədə məğlub olduq”.
Qurbanov yayda alınan futbolçuların çıxışını da dəyərləndirib:
“Bu oyunçuları özümüz bəyənib almışıq. Hər matçda fərqli oyun göstərirlər. Bu da komandaya pis təsir edir. Əslində komanda 90 dəqiqə mübarizə aparmalıdır. Amma bəzi matçlarda bunu görmürük. Uduzanda ən asan şey bəhanə gətirməkdir. Amma biz problemin kökünü bilirik. Demək olar ki, hər oyunda qol buraxırıq”.
Mehri Qurban
Bizi Facebook-da izləyin