Prezident olmaq istəyən varlı oğlan Yazı+Fotolar
Jerar Pike 1987-ci il fevralın 2-də İspaniyada dünyaya gəlib. Bir çox futbolçudan fərqli olaraq, onun həyatı maddi çətinliklər içərisində keçməyib. Eyni zamanda, Pike, “Real”ın əfsanəvi prezidentlərindən olmuş Santyaqo Bernabeu ilə eyni soyadı daşıyır. Bernabeu soyadını da daşıyan Pikenin ana babası Kataloniyanın keçmiş prezident köməkçisi olub. Bəlkə, elə buna görədir ki, Pikenin gerçəkləşdirmək istədiyi xəyallarından biri də prezident olmaqdır.
Varlı bir ailədə böyüyən Pike, hələ 17 aylıq olarkən ölümlə üz-üzə qalıb. Evin damında topla oynayarkən, top onun əlindən çıxaraq, yerə düşür. Düşən topu izləyən Pike damdan yıxılır və iki gün komada qalır.
Bir çox futbolçu kimi, o da uşaq yaşlarından futbola həvəs göstərib və bu həvəs getdikcə sevgiyə çevrilib. Bunun nəticəsidir ki, 10 yaşında futbolda ilk addımlarını atan Jerar, “Barselona”nın aşağı yaş komandasında çıxış etməyə başlayır. O, 2004-cü ilədək Kataloniya klubunun aşağı yaş qruplarında oynayır və elə həmin il ilk peşəkar müqaviləsini imzalayaraq, “Mançester Yunayted”ə transfer olunur.
Amma onun İngiltərə macərası çox çəkmir. “Qırmızı şeytanlar”da çıxış etməkdən məmnun olduğunu bildirən Pike, doğma klubuna qayıtmağın daha böyük xoşbəxtlik olduğunu deyir və 5 milyon avro qarşılığında “Barselona” ilə 4 illik müqavilə bağlayır. “Mançester Yunayted”in heyətində cəmi 12 matçda iştirak etsə də, komandada çıxış etdiyi müddətdə 3 titul qazanır. O, Mançester təmsilçisi ilə 2005-2006 mövsümündə İngiltərə kubokunun, 2007/2008 mövsümündə isə Premyer Liqanın və Çempionlar Liqasının qalibi olur.
Pike 2011-ci ildə məşhur kolumbiyalı müğənni Şakira ilə evlənib. 2010-cu ildə keçirilən dünya çempionatının rəsmi himnini ifa edən Şakira ilə elə həmin vaxtlarda tanış olan futbolçu, bir il sonra onunla ailə həyatı qurur. Müğənni, verdiyi açıqlamalarda bu münasibəti futbola borclu olduğunu deyir:
“Həyatımın sevgisini dünya çempionatı sayəsində tanıdığımı heç vaxt unutmayacam”.
Pike ilə Şakiranın 2013 və 2015-ci illərdə oğlan övladları dünyaya gəlib.
Pikenin futbolçu karyerasında ən böyük dəstəkçilərindən biri qardaşı Markdır.
“Barsa”nın müdafiəçisinin anası Barselona şəhərindəki məşhur xəstəxanalardan birinin direktorudur. Pikenin atası isə Barselonada yetərincə nüfuzu olan vəkil və iş adamı kimi tanınır.
2009-cu ildən İspaniya milli komandasının formasını geyinən Pike, yığma ilə 2008 və 2012-ci illərdə Avropa çempionluğu, 2010-cu ildə isə dünya çempionluğu yaşayıb.
Pikeni digər futbolçulardan fərqləndirən cəhətlərdən biri də futbol karyerası qədər təhsil həyatına da önəm verməsidir. O, bir müddət əvvəl Harvard universitetinin reklam və medianın idmanla münasibətlərinə aid dərslərdə iştirak etmişdi.
Pike tez-tez “Barselona”nın əzəli rəqibi “Real” və bu klubun futbolçuları ilə bağlı atmacalı açıqlamaları ilə də gündəmə gəlir. O, xüsusilə də, “Real”ın müdafiəçisi Serxio Ramosla mətbuatda və sosial şəbəkədə söz atışmasına çıxır.
Jerar “Barselona”nın əfsanəvi kapitanı olmuş Karles Puyol qədər komandada lider mövqeyində olmasa da, hər halda, klubun ən təcrübəli və nüfuzlu futbolçularından biri sayılır.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin