“Prezident Kuboku-2023”: İlk qaliblər məlum olub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasına start verilib.

Komanda.az xəbər verir ki, yarışın ilk günü Suqovşanda baş tutub.

Əvvəlcə 2005-2006-cı il təvəllüdlü oğlanlar birnəfərlik kayakda 200 metr məsafəyə yarışda qüvvələrini sınayıblar. Elmir Məmmədov (Azərbaycan) birinci, Sezar Amari (Moldova) ikinci, Radislav Çifliqarov (Bolqarıstan) isə üçüncü yeri tutub.

Eyni məsafəyə bir nəfərlik kayakda 2007-2008-ci il təvəllüdlü qızların mübarizəsində Yıldız Özgün Naz (Türkiyə) qızıl, Mişel Fessun (Ukrayna) gümüş, Mixaela Rusu (Rumıniya) isə bürünc medal qazanıb.

2009-2010-cu il təvəllüdlü qızların yarışında isə Evelina Kostenko (Qazaxıstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İzabela Aleksandra Jarnovska (Polşa) və Sofiya Nenno (Moldova) müvafiq olaraq 2-3-cü pillənin sahibi olub.

2005-2006-cı il təvəllüdlü qızların bu məsafəyə birnəfərlik kayak qayığı ilə mübarizəsində Evrim Bostançı (Türkiyə) bütün rəqiblərini qabaqlayıb. Andrea Botnariuk (Rumıniya) gümüş, Darina Həsənova (Azərbaycan) isə bürünc medala yiyələnib

Eyni yaş qrupuna aid oğlanlar arasında Nika Odişelidze (Gürcüstan) finişə hamıdan tez çatıb. Ali Kemal Sarar (Türkiyə) birinci, Maarif Həsənov (Azərbaycan) isə ikinci yeri tutub.

2009-2010-cu il təvəllüdlü oğlanların mübarizəsində qızıl medal Lev Luninə (Moldova), gümüş medal Nihad Rəhimova (Azərbaycan), bürünc medal isə Can Halilə (Bolqarıstan) qismət olub.

2005-2008-ci il təvəllüdlü qızların birnəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yarışında Manana Petriaşvili (Gürcüstan) birinci olub. Ulyana İvanova (Qazaxıstan) gümüş, Gülnarə Həmzəyeva (Azərbaycan) isə bürünc medal əldə edib.

Mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayacaq.

Yarışın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, mükafatlandırılma və bağlanış mərasimi isə Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button