Prezident Beynəlxalq Cüdo Federasiyasının rəhbərini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul edib.
Komanda.az xəbər verir ki, dövlət başçısı Marius Vizeri ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirərək, Beynəlxalq Cüdo Federasiyasının Azərbaycanda cüdo idman növünün inkişafına verdiyi dəstəyi qeyd edib.
Prezident İlham Əliyev cüdoçularımızın əldə etdikləri son nailiyyətlərdən danışdı, onların beynəlxalq turnirlərdə daha uğurla iştirak etdiklərini vurğuladı, Azərbaycan Cüdo Federasiyasındakı dəyişikliklərə toxundu.
Dövlət başçısı Beynəlxalq Cüdo Federasiyası tərəfindən ölkəmizdə idmanın bu növü ilə bağlı verilən tövsiyələrin önəmini vurğulayaraq, bunun Azərbaycanda cüdonun inkişafına, xüsusilə gənc nəslin bu idman növünə marağının artırılmasına xidmət etdiyini bildirdi.
Qonaq ölkəmizin Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olduğunu məmnunluqla qeyd etdi və uğurlu əməkdaşlığın həyata keçirildiyini dedi. Marius Vizer Azərbaycanda cüdonun inkişafına göstərilən diqqəti yüksək qiymətləndirdi.
Bizi Facebook-da izləyin