Premyer Liqanın yeni klubu 12-ci transferini açıqladı
İngiltərənin “Nottingem Forest” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqanın yeni iştirakçısı Almaniyanın “Ştutqart” klubundan Orel Manqalanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikadan olan 24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Amma klubun bu keçidə görə Bundesliqa təmsilçisinə 13 milyon avro ödədiyi bildirilir. Bonuslarla bu məbləğ 15 milyona çata bilər.
Orel Manqala peşəkar karyerasına elə “Ştutqart”da başlayıb. O, 2017-ci ildən bu klubun uğurları üçün çalışırdı. Belçika yığmasında da 2 oyun keçirmiş yarımmüdafiəçi, Bundesliqa təmsilçisində 109 oyun keçirib, 3 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. Futbolçu 2018/19 mövsümündə icarə əsasında “Hamburq”da da çıxış edib.
Bu, “Nottingem Forest”in Premyer Liqa üçün heyətinə qatdığı 12-ci yeni oyunçudur. Sözügedən klub daha öncə Din Henderson, Ueyn Hennesi, Brendon Aqiler, Cessi Linqard, Harri Toffolo, Luis O’Brayn, Omar Riçards, Julian Byankon, Mussa Niakate, Neko Uulyams və Tayvo Avoniyini də transfer etmişdi.
“Nottingem Forest” sol cinah müdafəçisi Nikolas İoannu ilə də yollarını ayırıb. Kiprdən olan 26 yaşlı futbolçu İtaliyanın “Komo” klubuna transfer olunub. O, 2020-ci ildən İngiltərə klubunda olsa da, burada əsas heyət üzvünə çevrilə bilməyib. Bu üzdən də futbolçu bir müddət “Aris”də icarədə olub. Ötən mövsümü isə o, məhz “Komo”da icarədə keçirmişdi. Kipr yığmasında 19 oyuna 2 qol vurmuş futbolçu, daha öncə ölkəsində APOEL-in və AEP-in də formasını geyinib.
Bizi Facebook-da izləyin