Premyer Liqada yeni rekordçu
Futbol üzrə İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində baş tutan “Sauthempton”la səfər oyunu “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, belçikalı futbolçu komandasının səfərdə qazandığı 4:1 hesablı qələbədə bir məhsuldar ötürmə ilə yadda qalıb.
Erlinq Halandın 45-ci dəqiqədə vurduğu ilk qolda ötürmə müəllifi olan De Bruyne “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasında 100 məhsuldar ötürmə edən ilk futbolçuya çevrilib.
İngiltərə Premyer Liqasında De Bruynedən daha çox ötürmə müəllifi olan dörd futbolçu var. Rekord Sesk Fabreqasa məxsusdur – 111 ötürmə. Sonrakı pillələrdə Ueyn Runi (103), Frenk Lempard (102) və Rayan Giqqz (102) qərarlaşıb.
Bu siyahıda hələlik beşinci olan belçikalı oyunçu İngiltərə çempionatında 100 məhsuldar ötürmə səddinə ən tez çatan futbolçu olub. 31 yaşlı yarımmüdafiəçi bunu Premyer Liqada iştirakçısı olduğu 237 matçda rəsmiləşdirib. Fabreqas 100 ötürmə həddinə 293, Giqqz 367, Runi 445, Lempard isə 559-cu matçında çatıb.
Bizi Facebook-da izləyin