“Premyer Liqada iştirak etmək üçün maliyyə vəziyyətimiz normaldır” – MÜSAHİBƏ
Bu mövsüm birinci divizionda çempion olub Premyer Liqada iştirak hüququ qazanan “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırovun Komanda.az saytına müsahibəsi:
- 2023/24 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etmək haqqı qazanmısız. Necə düşünürsüz, komandanız elitada çıxış etməyə hazırdır?
- Bəli, Premyer Liqada çıxış etmək üçün haqq qazanmışıq. Əlbəttə, birinci divizionla Premyer Liqa səviyyə baxımından eyni deyil. Buna baxmayaraq, istedadlı futbolçularımız var. Bəzi futbolçularla yola davam edəcəyik, lakin komandamızı – “Araz Naxçıvan”ı sıfırdan quracağıq.
- AFFA ilə klub arasında danışıqlar olub? Premyer Liqada çıxış etməyə hazır olub-olmadığınıza dair sizə sual ünvanlayıblar?
- Bununla bağlı heç bir sual ünvanlanmayıb. Keçən il İcraiyyə Komitəsinin qərarı var idi: divizionda birinci yer tutan komanda Premyer Liqaya yüksələcək və elitada sonuncu yeri tutan komanda isə birinci dəstəyə düşəcək. Bu gün biz ölkə çempionatında mübarizə aparmaq üçün haqq qazanmışıq. Məncə, Premyer Liqada oynamağa layiqik. İnşallah, komandamızı gücləndirdikdən sonra öz dəst-xəttimizlə “Araz Naxçıvan” formalaşdırmaq istəyirik.
- Klubun maliyyə durumu necədir?
- Maliyyə durumu ilə bağlı çox məlumat verə bilmərəm. Amma Premyer Liqada iştirak etmək üçün maliyyə vəziyyətimiz normaldır. Fikirləşirəm ki, normal şərtlərlə çalışacağıq. Hazırda heç bir çətinliyimiz yoxdur. Düşünürəm ki, bundan sonra da olmayacaq.
- Birinci divizionda cari mövsüm sona çatdıqdan sonra yay üçün planlarınız necədir?
- Yay üçün planlarımız var. Sadəcə, bəzi məsələlərin tam həll edilməsini gözləyirik. Bildiyiniz kimi, İcraiyyə Komitəsinin iclası olacaq. Həmin iclasdan sonra çempionatın başlaması, legioner limiti, bizim Premyer Liqada iştirakımız tam təsdiqləndikdən sonra planlardan danışmağa dəyər. Alternativ A və B planlarımız var. Məncə, onları qeyd etdiyim iclasdan sonra reallaşdıracağıq.
- Transferlər məsələsi nə yerdədir? Heyətdə görmək istəmədiyiniz oyunçular var?
- Transfer məsələlərinə hələ başlamamışıq. Amma araşdırmalarımız davam edir, nəzərdən keçirdiyimiz futbolçular var. Bir daha qeyd edirəm: bunların hamısı İcraiyyə Komitəsinin iclasından sonra tam rəsmi şəkildə olacaq. Peşəkarlığı qoruyub saxlamaq istəyirik. İclasda qərar verildikdən sonra genişmiqyaslı işlərə başlayacağıq.
- Legionerləri komandaya cəlb etmək üçün xüsusi planınız var?
- Əlbəttə, bəyəndiyimiz, seçdiyimiz futbolçular var. Sadəcə, hazırda hansısa oyunçu ilə danışıqlar aparmaq işə peşəkar yanaşma hesab edilməz. Rəsmi olaraq Premyer Liqada deyilik, bizə yalnız lisenziyalaşdırmadan cavab verilib. Gözləyirik. Görək, İcraiyyə Komitəsinin qərarı necə olacaq. Potensiallı komanda qurmaq istəyirik. Burada legionerlər də yer alacaq. Onlarla bağlı planlarımız var. Məşqçilər heyəti ilə araşdırmalar edirik.
- Öncədən stadionla bağlı probleminizin olduğu haqda fikir bildirmişdiz. Həmin problem nə ilə bağlıdır? Aradan qaldırılıb, yoxsa hələ də qüvvədə qalır?
- 23 mayda birinci divizionda cari mövsümün sonuncu matçına çıxacağıq, “Zaqatala” ilə qarşılaşacağıq. Səhv etmirəmsə, ayın 25-dən sonra stadionun işıqlandırma sistemi və ot örtüyünün dəyişdirilməsi ilə bağlı işlərə start verəcəyik. Bu, rəhbərlik tərəfindən verilən qərardır.
- İşıqlandırma sistemi və ot örtüyü ilə bağlı işlər işlər hansı mərhələdədir?
- Qeyd olunan məsələlərlə bağlı şirkətlərlə danışıqlar aparılıb. Prosedurun başlama və bitmə tarixləri də bəllidir. Gözləntilərimizə əsasən, iyulun sonuna qədər, təxminən 25-nə kimi – 2 ay müddətində bütün işlər sona çatacaq. İki aydan sonra öz meydançamızda öncə test məşqlərinə və oyunlarına, ondan sonra isə çempionat oyunlarını “Araz Naxçıvan”ın meydançasında keçirməyə hazır olacağıq.
- Birinci divizionun bombardiri Orxan Əliyevlə yeni müqavilə imzalanacaq? Ümumiyyətlə, onun xidməti ilə maraqlanan klublar var?
- Bütün futbolçularla sözləşmələrimiz mayın 31-də bitəcək. Həmin tarixdən sonra oyunçular azad agent statusu alacaqlar. Bizlə qalacaq futbolçulara dəvət göndərəcəyik. Orxan Əliyevə gəldikdə, o, cari mövsümü yaxşı keçirir. İnanıram ki, gələcək illərdə də bombardirliyi ilə yadda qalacaq. Orxan futbol oynamağı bacarır. Ən istedadlı futbolçulardan sayılır. Güman edirəm ki, o, bundan sonra da eyni templə davam edəcək.
- 29-cu turun “Neftçi-2” ilə matçında məğlub olduz (1:2). Buna səbəb futbolçuların arxayınlaşması ola bilər?
- Futbolçuların arxayınlaşdığını deməzdim. Bəzi zədəli futbolçularımız, eyni zamanda, qripə yoluxan oyunçularımız var idi. Əsas odur ki, hazırda zədəli futbolçumuz yoxdur, hər şey qaydasındadır. Demək olar ki, sonuncu tura bütün komanda ilə çıxacağıq.
Rövşən Əlisoy
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin