Premyer Liqada daha bir baş məşqçi istefası
İngiltərənin “Lester Siti” klubu baş məşqçi Brendan Rocersi istefaya göndərib.
Komanda.az xəbər verir ki, 50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstefaya komandanın uğursuz çıxışı səbəb göstərilib. Premyer Liqadakı son 6 oyunda cəmi 1 xal toplaya bilən lesterlilər hazırda 25 xalla 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıblar.
Rocers 2019-cu ilin əvvəlindən “Lester Siti”yə rəhbərlik edirdi. O, bu komandanı 204 oyuna çıxarıb – 92 qələbə, 42 heç-heçə və 70 məğlubiyyət. Şimali İrlandiyadan olan mütəxəssis daha öncə “Uotford”, “Ridinq”, “Suonsi Siti”, “Liverpul” və “Seltik” kimi komandaları da çalışdırıb.
Xatırldaq ki, ötən gün Premyer Liqanın digər təmsilçisi “Çelsi” də baş məşqçisi Qrem Potteri istefaya göndərdiyini açıqlayıb.
Bizi Facebook-da izləyin