Premyer Liqada 18-ci start
Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünə start verilib.
Komanda.az xəbər verir ki, “Qəbələ” 32-ci ölkə çempionatında mübarizəyə 1-ci turun son günündə başlayacaq. “Qırmızı-qaralar” bu gün “Sabah”la görüşəcək.
“Qəbələ” bu oyunla özünün Premyer Liqada 18-ci mövsümünə start verəcək. Yüksək dəstədə 2006-cı ildə debüt edən “qırmızı-qaralar” indiyədək 17 çempionatda qüvvəsini sınayıb. “Qəbələ” bu müddətdə 5 dəfə mükafatçılar sırasında yer alıb. “Qırmızı-qaralar”ın hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.
Komanda ötən mövsümü ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə 4-cü pillədə başa vurub. “Qəbələ” 2019/20 və 2022/23 mövsümlərində də “dördlük”də qərarlaşıb.
Əvvəlki 17 mövsümdə komanda 504 matça çıxıb. Bu görüşlərdə 196 qələbə qazanan “Qəbələ” 138 dəfə bir xalla kifayətlənib. “Qırmızı-qaralar” 170 dəfə məğlubiyyətlə üzləşib. 613 qol vuran “Qəbələ” 569 top buraxıb.
Komanda evdə və səfərdə eyni sayda – 252 oyun keçirib. Öz meydanında 110 qələbəsi olan “qırmızı-qaralar” 74 dəfə heç-heçə edib. 68 dəfə uduzan “Qəbələ” qonaqların qapısından 325 top keçirib və 239-nu buraxıb.
Səfərdə 86 dəfə üç xal əldə edən “Qəbələ” rəqib meydanlarında 64 sülhə imza atıb. 102 dəfə səfərdən xalsız dönən “Qəbələ” 288 qol vurub, 330-nu buraxıb.
17 mövsümdə “Qəbələ”nin formasını 254 futbolçu geyinib. Onlardan səkkizi 100 matç səddini arxada qoyub: Ürfan Abbasov – 217, Asif Məmmədov – 182, Dodo – 131, Dmitri Bezotosnı – 117, Viktor Mendi – 112, Elvin Camalov – 111, Cavid Hüseynov – 107, Rövlan Muradov – 100.
“Qəbələ”nin qollarına 124 futbolçu imza atıb. 16 dəfə isə rəqib oyunçular avtoqol müəllifi olub. Komandanın Premyer Liqadakı bombardiri Viktor Mendi 29, Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. İsnik Alimi 17, Ülvi İsgəndərov, Yannik Kamanan və Filip Ozobiç hərəyə 16, Cavid Hüseynov, Rafael Utziq, Deon Barton, Daniel Subotiç və Stiven Monroz hərəyə 15 dəfə fərqlənib.
“Qırmızı-qaralar”a Premyer Liqadakı 17 mövsümdə 10 baş məşqçi rəhbərlik edib. Ramiz Məmmədov 118, Elmar Baxşıyev 109, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub.
Bizi Facebook-da izləyin