Yeni transfer sıradan çıxdı – 6 aylıq

İngiltərənin “Aston Villa” komandası ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Dieqo Karlos uzun müddətə sıradan çıxıb.

29 yaşlı futbolçu Premyer Liqanın 2-ci turu çərçivəsində baş tutan “Everton”la matçda ciddi zədə alıb. Klubdan verilən məlumata görə, futbolçu dabanından aldığı zədəyə görə əməliyyat olunacaq və 6 ay yaşıl meydanlardan kənarda qalacaq. Mərkəz müdafiəçisi 2:1 hesabıyla qalib gəldikləri matçın 90+5-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı.

Dieqo Karlos “Aston Villa”ya bu yay “Sevilya”dan transfer olunub. O, bu komandada cəmi 2 matça çıxıb. Braziliyadan olan oyunçu daha öncə “Nant”, “Eştoril”, “Madureyra”, “Paulista”, “Portu” (B) kimi komandalarda da forma geyinib.

Yeri gəlmişkən, “Aston Villa” polşalı gənc qapıçısı (19 yaş) Filip Marşalla, həmçinin 20 yaşlı hücumçusu Kameron Arçerlə yeni müqavilə imzalandığını açıqlayıb. Yeni müqaviləyə əsasən, hər iki futbolçu 2027-ci ilə qədər bu klubun uğurları üçün çalışmağa davam edəcək. Klubun əsas komandasında 6 oyun keçirib, 4 qola imza atan Arçer, “Solihall Murs” və “Preston Nort End” klublarında icarədə də oynayıb. Forvard İngiltərənin U-21 yığmasında da forma geyinir.

Premyer Liqa klubu 19 yaşlı yarımmüdafiəçisi Aaron Remsi ilə də yeni müqavilə bağlayıb. Lakin onunla sözləşmənin müddəti açıqlanmayıb. İngilis futbolçunun 2022/23 mövsümünün sonunadək “Norviç Siti” klubuna icarəyə verildiyi də açıqlanıb. O, bu ilin əvvəlində “Çeltnem Taun”da da icarədə olub.

“Aston Villa” hücumçusu Kinan Deyvisi “Uotford”a, müdafiəçi Keyn Kesleri də “Haddersfild”ə icarəyə verib. Hər iki oyunçu mövsümün sonunadək icarədə oynayacaq. Klubun öz yetirməsi olan Deyvis əsas komandada 87 oyun keçirib, 7 qol vurub. İngiltərədən olan 24 yaşlı forvard ötən mövsüm “Nottingem Forest”də də icarədə olub.

Kesler də bu klubun öz yetirməsidir. 19 yaşlı futbolçu ötən mövsüm “Suindon Taun” və “Milton Kens Dons” komandalarında icarədə olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button