Premyer Liqa klubunun azarkeşi bu hərəkətə görə həbs olundu – FOTO
“Arsenal”la oyunda “Çelsi”nin futbolçusu Mixail Mudrikin üzünə lazer şüası vuran azarkeş saxlanılıb.
Komanda.az “Evening Standard”-a istinadən xəbər verir ki, Mudrik oyunda sonradan meydana çıxanda azarkeşlər onu fitə basıblar. Ukraynalı futbolçu meydançaya çıxandan sonra onun üzündə yaşıl lazer şüası parlamağa başlayıb. Bu, demək olar ki, futbolçunun meydanda keçirdiyi bütün vaxtda davam edib.
22 yaşlı cinah yarımmüdafiəçisi “Arsenal” – “Çelsi” matçının (3:1) 71-ci dəqiqəsində meydana çıxıb. Bu, onun “topçular”a keçiddən imtina edib “Çelsi”ni seçdikdən sonra “Emirates”də ilk oyunu idi.
“Arsenal” Mudrikin üzünə lazer vuran azarkeşin həbs olunduğunu açıqlayıb.
“Azarkeş matçda lazerdən istifadə etdiyinə görə həbs olundu. Bu, təhlükəli və tamamilə qəbuledilməz davranışdır. Polisə tam dəstək verəcəyik. Təbii ki, biz bu şəxsə ən ağır cəzanın verilməsinə çalışacağıq”, – “Arsenal”ın açıqlamasında deyilir.
Bizi Facebook-da izləyin