Premyer Liqa klubundan 18 milyon avroluq transfer
İngiltərənin “Fulhem” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Brayton”dan Şeyn Daffini, “Vest Hem”dən isə İssa Diopu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Daffi 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Diop isə “Vest Hem”dən 18 milyon avroya transfer edilib. Onunla 5 illik müqavilə imzalanıb.
İssa Diop 2018-ci ildən “Vest Hem”də çıxış edirdi. Sözügedən klub onu yetirməsi olduğu “Tuluza”dan 25 milyon avroya transfer etmişdi. Bu komandada 4 mövsüm ərzində 121 matça çıxan 25 yaşlı futbolçu, 8 qol da vurub. Mərkəz müdafiəçisi Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas milliyə dəvət almayıb.
Şeyn Daffi isə “Everton”un yetirməsidir. 30 yaşlı irland futbolçu “Bernli”, “Skantorp Yunayted”, “Yovil Taun” və “Blekbern” kimi klubların da formasını geyinib. O, 2016-cı ildən “Brayton”un uğurları üçün çalışır. Müdafiəçi burada keçirdiyi 5 mövsüm ərzində 150 oyuna çıxıb, 9 qola imza atıb. “Brayton” Daffini 2020/21 mövsümündə Şotlandiyanın “Seltik” klubuna da icarəyə vermişdi. Futbolu İrlandiya yığmasında 55 oyun keçirib, 7 qol vurub.
Yeri gəlmişkən, “Brayton” digər futbolçularından Teylor Riçardsı (21 yaş, yarımmüdafiəçi) KPR-ə, Teddi Cenksi (20, yarımmüdafiəçi) “Kroli Taun”a, Reda Xadranı (21, yarımmüdafiəçi) “Şeffild Yunayted”ə, Andi Zeqirini (23, müdafiəçi) “Bazel”ə, Mixal Karbovniki (21, müdafiəçi) Düsseldorf “Fortuna”sına icarəyə verib. Qapıçı Tom Makqill və yarımmüdafiəçi Endryu Moranla da yeni müqavilə imzalanıb. İrlandiyadan olan 18 yaşlı Moran 3 illik, 22 yaşlı ingilis Makqil isə 1 illik yeni sözləşməyə imza atıb.
Bizi Facebook-da izləyin