Premyer Liqa klubundan 15 milyon avroluq transfer
İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Vulverhempton”dan Leander Dendonkeri, “Sauthempton”dan isə Yan Bednareki transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yan Bednarek 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. 26 yaşlı futbolçu yeni komandasında 20 nömrəli formanı geyinəcək.
Bednarek 2017-ci ildən “Sauthempton”da çıxış edirdi. Mərkəz müdafiəçisi bu komandada 152 oyuna çıxıb, 7 qola imza atıb. Polşalı futbolçu Poznan “Lex”inin yetirməsidir. Ölkəsində “Qurnik”in də formasını geyinmiş futbolçu, milli komanda ilə 42 oyuna çıxıb, 1 qol vurub.
Leander Dendonker isə “Vulverhempton”dan 15 milyon avroya transfer olunub. Onunla imzalanmış müqavilənin müddəti açıqlanmır. Belçikalı futbolçu yeni komandasında 32 nömrəli formanı geyinəcək.
Dendonker “Anderlext”in yetirməsidir. 27 yaşlı futbolçu 2018-ci ilin yayından Premyer Liqa klubunda çıxış edirdi. O, bu komandanın heyətində 159 oyuna çıxıb, 12 qol vurub. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu Belçika milli komandasında 29 oyuna çıxıb, 1 qola imza atıb.
“Aston Villa” öz yarımmüdafiəçisi Ənvər Əl-Qazini isə Niderlandın PSV klubuna 2.5 milyon avroya satıb. 27 yaşlı vinger sözügedən klubla 3 illik müqaviləyə imza atıb. Niderlandlı futbolçu 2018-ci ilin yayından İngiltərə klubunda forma geyinirdi. O, bu komandanın heyətində 119 oyuna 26 qol vurub. “Ayaks”ın yetirməsi “Lill” və “Everton” klublarının da uğurları üçün çalışıb, Niderland millisində isə 2 oyuna çıxıb.
“Aston Villa” müdafiəçisi Kortni Hausu (27 yaş) “Uotford”a, yarımmüdafiəçi Tim Ayroqbunamı (19) KPR-ə, hücumçu Çaleb Çukvuemekanı (20) “Kroli Taun”a, yarımmüdafiəçi Hayden Lindlini (19) “Nyuport”a, hücumçu Bred Yanqı (19) “Er Yunayted”ə, yarımmüdafiəçi Tayreyk Raytı (20 yaş) “Bredford Siti”yə, sol cinah müdafiəçisi Ben Kriseni (18 yaş) isə “Kilmarnok”a icarəyə verib.
Bizi Facebook-da izləyin