Premyer Liqa klubundan 12 milyonluq transfer
İngiltərənin “Bornmut” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Midlsbro”nun yarımmüdafiəçisi Markus Tavernyeni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Bornmut” bu transfer üçün “Midlsbro”ya 11.9 milyon avro ödəyib.
Markus Tavernye “Midlsbro”nun öz yetirməsidir. O, bu klubun əsas komandasında 155 oyuna çıxıb, 18 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. İngilis futbolçu 2018-ci ildə “Milton Kins Dons” klubunda icarədə də olub. Tavernye İngiltərənin U-19 və U-20 yığmalarında da oynayıb.
“Bornmut” öz oyunçularında Luis Kuk və Dominik Solanke ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Kuk 3+1, Solanke isə 4 illik yeni sözləşməyə imza atıb.
Luis Kuk 2016-cı ildən bu komandada çıxış edir. İngiltərədən olan mərkəz yarımmüdafiəçisi 6 mövsüm ərzində 149 oyuna çıxıb, 2 qol vurub. O, daha öncə yetirməsi olduğu “Lids”in formasını geyinib. 25 yaşlı futbolçu İngiltərə millisində də bir oyun keçirib.
Dominik Solanke də 2019-cu ildən bu klubun uğurları üçün çalışır. 24 yaşlı forvard bu komandada keçirdiyi 4 mövsüm ərzində 139 oyuna çıxıb, 50 qol vurub. “Çelsi”nin yetirməsi olan hücumçu “Vitess” və “Liverpul”un da formasını geyinib, İngiltərə millisində 1 oyuna çıxıb.
Bizi Facebook-da izləyin