“Premiya” sevgisi
Mız
Azərbaycan millisində forma geyinən futbolçuların baş məşqçi postunda Robert Prosineçkini görmək istədiklərini demələrinə fikir verməyin. Bunlar vaxtı ilə Berti Foqtsdan da razılıq edib, tərifləyirdilər. Həmin Foqtsdan ki, Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra heç Bakıya qayıtmamış, aradan çıxmışdı. Azərbaycan millisində forma geyinən futbolçular Foqtsu ona görə “sevirdilər” ki, “nemes” bunlara hətta uduzduqları oyunlardan sonra da “premiya” yazdıra bilirdi. Görünür, Prosineçki də Azərbaycan millisinin “sükanı arxasında” olduğu dövrdə futbolçuların cibinin boş qalmamasının qayğısına çox qalırmış. Yoxsa ağlı başında olan, beyni azca işləyən, vicdanı qarşısında hesabat verməyi bacaran futbolçu niyə rəhbərliyi altında Şimali İrlandiya kimi ortabab komandaya rüsvayçı (0:4) hesabla uduzduğu Prosineçkini arzulasın? Niyə bir futbolçu dərk etməsin ki, San Marinonu Prosineçki ilə yox, hətta taksi sürücüsü Abdulla kişinin baş məşqçiliyi altında da udmaq olar və bu, onun futbolçu kimi minimum borcudur?
Yox, bunlar Prosineçkinin baş məşqçiliyinə vurulmayıblar, onun hesabına qazandıqları haram, haqq etmədikləri halda ciblərinə doldurduqları pulları unuda bilmirlər.
Mızbaz
Bizi Facebook-da izləyin