
Düşmənin edə bilməyəcəyini özünə edən Şeydayev
Ötən günlərdə “Neftçi”dən kənarlaşdırılan Ramil Şeydayev bir vaxtlar Azərbaycan futbolunun böyük ümidlər bəslədiyi oyunçulardan biri idi. Karyerası gözlənildiyi kimi alınmayan Şeydayev müxtəlif dövrlərdə xarici klublarda da forma geyinib. Potensiallı futbolçu olduğu danılmazdır. Düzdür, çox vaxt potensialı ilə reallıq arasında uyğunsuzluq olub. Amma bunlara baxmayaraq, “Neftçi”dən göndərilməsi gözlənilməz oldu. Klubun aparıcı hücumçulardan biri ilə yollarını ayırması təəccüb doğurdu. Qeyri-sabit çıxışı onun “ağ-qaralar”dakı sonunu gətirdi.
Hücumçuya yaraşmayan statistika
Ramili azarkeşlərə ən çox sevdirən “Qarabağ”ın rəngləri altındakı çıxışı olub. Onun “köhlən atlar”la həm ölkə çempionatında, həm də avrokuboklardakı diqqətçəkən oyunu azarkeşlərin yaddaşında qalıb. Məhz həmin dönəmdəki çıxışı onun barəsində yüksək fikirlər formalaşdırdı. Ancaq sabit olmayan çıxışı onun komandada möhkəmlənməsinə mane oldu və daim avrokubokların iştirakçısı olan Ağdam təmsilçisi ilə yollar ayrıldı.
2023-cü ildə “Qarabağ”dan ayrılanda 27 yaşı olan forvard ölkə xaricinə üz tutdu. Cənub-Şərqi Asiyada ən yaxşılar arasında yer alan Tayland liqasından “Buriram Yunayted” Şeydayevi “rənglərinə bağladı”. Amma Ramil hətta o dövrdə azərbaycanlı futbolsevərlərin ələ saldığı Tayland çempionatında da özünü ən yaxşı tərəfdən göstərə bilmədi. Burada keçirdiyi 10 oyunda 1 qolla yadda qalan milli komandanın üzvü daha sonra – 2024-cü ildə Türkiyə Super Liqasına təşrif buyurdu. Elə də yüksək tələbləri olmayan “Kocaelispor” Şeydayevlə anlaşdı. O. Türkiyə klubunun heyətində 16 oyunda iştirak etdi. Burada da “Buriram Yunayted”də olduğu kimi, cəmi bir dəfə rəqib qapılarına yol tapa bildi. Şeydayev daha əvvəl Türkiyənin top-klubu sayılan “Trabzonspor”da da forma geyinmə şansı qazanıb. Azərbaycan kimi ölkələrdə bir çox futbolçunun xəyal etdiyi “bordo-mavilər” onu böyük ümidlərlə transfer etmişdi, amma Ramil burada da “yarıtmadı”.
Avropa karyerasını erkən başa vuran Şeydayev yenidən Azərbayacana qayıtdı və bu dəfə Azərbaycanın ən köklü klublarından olan “Neftçi” qapılarını onun üzünə açdı. Hə, artıq ordan da göndərilib…
Şeydayev 2020-2021-ci illəri “Sabah”da keçirib. Bu komandada da Ramildən çox şey gözlənilirdi. Amma o, Masazır təmsilçisində nə istədiyi performansı göstərə, nə də komandanın aparıcı üzvlərindən birinə çevrilə bildi. Bu da onu karyerasında daha bir uğursuz mərhələ kimi yadda qaldı.
Ümumiyyətlə, Şeydayevin karyerasına baxanda bir hücumçuya yaraşmayan statistika “göz oxşayır”. O, “Qarabağ”dan başqa, heç bir klubda 10 qol səddini keçə bilməyib. “Trabzonspor”da, Slovakiya “Jilina”sında, “Krılya Sovetov”da, Moskva “Dinamo”sunda, “Sabah”da, “Buriram Yunayted”də, “Kocaelispor”da, “Neftçi”də… Heç birində. 29 yaşlı hücumçunun “Neftçi”dəki statistikası ümumiyyətlə, utancvericidir: 31 rəsmi oyunda cəmi 4 qol! Müasir futbolda əksər müdafiçilər belə, Şeydayevdən daha çox qol vurur.
Millinin qapısı da üzünə bağlanıb
Bir vaxtlar tez-tez Azərbaycan millisinə dəvət alan Ramil artıq orda da görünmür. Bunun günahı da təbii ki, futbolçunun özündədir. Çoxlu klub dəyişən, çoxlu şans qazanan Şeydayev demək ki, karyerası ərzində bu fürsətləri heç etməklə məşğul olub.
İndi də Nəriman Axundzadənin zədələnməsi ilə əlaqədar Ramilin adı yenidən “Qarabağ”la yanaşı hallanır. Bu keçid baş tutarsa, Şeydayev üçün yeni bir başlanğıc, “küllərindən doğmaq” kimi bir şans olar. “Qarabağ” kimi bir kluba qayıdış onun karyerasında dönüş nöqtəsi ola bilər. Amma “Qarabağ”ın həqiqətənmi Ramil Şeydayevə ehtiyacı var?
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



