Portuqaliyadan 1 qızıl, 2 bürünc medalla
Martın 29-30-da Portuqaliyanın Çaves şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanı bu yarışda məşqçi Nazim Əlicanovun rəhbərliyi altında 4 güləşçi təmsil edib.
Pənah İlyaslı (70 kq) portuqaliyalı Nuno Enrike Lopes Fraqa, braziliyalı Joao Viktor Dos Santos Silva, rumıniyalı Stefan Yonut Koman və yunan Niko Aruzmanidisə qalib gələrək finala yüksəlib. Son görüşdə gürcü Levan Kelexşaşviliyə uduzan həmyerlimiz gümüş medalla kifayətlənib.
İbrahim Yusubov (80 kq) iranlı Omid Şabanali Jelodar, rumıniyalı Vasile Madalin Minzala, portuqaliyalı Edmilson Brito Qomes və yunan Georgios Kuluçidisi üstələyərək finala vəsiqə qazanıb. Son qarşılaşmada gürcü Davit Xutsişviliyə məğlub olan təmsilçimiz ikinci yeri tutub.
Kənan Əliyev (90 kq) türk Murat Özkana qalib gəlsə də, Yunanıstan güləşçilərinə – Xristos Samartsidis və Qriqorios Kriaridisə uduzaraq fəxri kürsüdən kənarda qalıb.
Oyan Nəzəriani (+90 kq) gürcü Mamuka Kordzayaya məğlub olsa da, ispan Xose Kuba Vaskesə, Gürcüstanın digər təmsilçisi Rolandi Andriadzeyə, türk Baki Şahinə və yunan Yannis Karqiotakisə gücünü göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Beləliklə, yığmamız Portuqaliyada 1 qızıl, 2 gümüş bürünc medala sahib olub.
Növbəti analoji yarış mayın 10-11-də Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək. Xatırladaq ki, bu yarışlar oktyabrda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına lisenziya xalları verir.
Qeyd edək ki, Portuqaliyada keçirilən turnirdə beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.
Bizi Facebook-da izləyin