“Krivotsyuk böyük potensiala malik gənc futbolçudur”

Polşanın “Visla” (Plotsk) komandasının baş məşqçisi Matsey Bartoşek komandanın müdafiəçisi Anton Krivotsyuk haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Polşa mətbuatına danışan Matsey, Azərbaycan yığmasının da üzvü olan Krivotsyukun böyük potensiala malik olduğunu söyləyib:

“Krivotsyuk müdafiənin mərkəzində və sol tərəfində oynaya bilər. O, üçlü müdafiədə isə dayaq yarımmüdafiəçisi kimi də çıxış edə bilər. Krivotsyuk böyük potensiala malik gənc bir futbolçudur. Hələ 23 yaşındadır. Meydanda göstərdiyi xarakteri mənə çox uyğundur. Çalışqan və əzmkardır, hücumçularla əlaqədə olmağı sevir.

Anton Azərbaycanda sadəcə 3 komandanın çempionluq üçün yarışdığı bir çempionatdan gəlib. Orada futbolçular “Neftçi”, “Qarabağ” və “Qəbələ” komandaları arasındakı matçlarda çətinlik çəkirlər. Azərbaycan Premyer Liqasında yekun nəticəni bu komandalar arasındakı duellər həll edir. Digər klublarla görüşlər çox da gərgin keçmir. Buna görə də, Anton burada gördüyü təzyiqə öyrəşməmişdi. Azərbaycandan olan futbolçularda oyunun psixoloji tərəfi ilə bağlı problemləri olacağını düşünməmişdim. Mən buna təəccübləndim. Orada bir dövrənin maksimum 2-3 oyununda səfərbər olurlar. Halbuki hər həftə belə etməlisən. “Visla” Krivotsyukun ilk xarici klubudur. O, bütün mühit və mədəniyyətini dəyişdi. Anton oynamayanda əsəbiləşir, narazı görünürdü. Amma bir dəfə oynayıb, səhvə yol verəndə, çox iş görmürdü. Düşünürəm ki, düzgün istiqamətdə gedirik. Bəzən başqa ölkələrdən gələn futbolçularda belə olur”.

Anton bu mövsüm “Visla” ilə 14 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button