“Ermənilərlə görüşə daha böyük motivasiya ilə çıxırıq” – Taleh Məmmədov
Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycana ikinci gümüş medalı Taleh Məmmədov (63 kq) qazandırıb.
Komanda.az xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin təcrübəli üzvü qitə birinciliyində ikinci yeri tutmaqla, karyerasının ən yüksək nəticəsinə imza atıb. 31 yaşlı idmançı yarışdakı çıxışı ilə bağlı Azərbaycan Güləş Federasiyasının saytına bunları deyib:
“Yarışa çox yaxşı hazırlaşmışdıq. Güləş Federasiyası bunun üçün hər cür şərait yaratmışdı. Gündə üç dəfə məşq edirdik. Daha öncə Avropa üçüncüsü olmuşdum. Bu dəfə məqsədim çempion olmaq idi. Təlim-məşq toplanışlarımız yüksək səviyyədə keçmişdi. Çəkisalmada da problem olmamışdı. Heç bir yarışda olmadığı qədər həvəsli və istəkliydim.
Avropa çempionatında zəif rəqib olmur. Bütün rəqiblərə ciddi yanaşmaq lazımdır. Ancaq xalçaya yalnız çempionluq üçün çıxmışdım. İlk görüşdə bolqar güləşçiyə iki gözəl fəndlə qalib gəldim. Daha sonra Ermənistan idmançısıyla qarşılaşdım. Yeniyetmələrdə Avropa və dünya mükafatçısı olub. Ermənilərlə görüşə daha böyük motivasiya ilə çıxırıq. Çünki düşmən ölkənin təmsilçisiylə qarşılaşırıq. İndiyədək erməni rəqiblərimə heç vaxt məğlub olmamışam. Görüş çox gərgin keçdi. Hesabda 0:2 geridə idim. Son bir dəqiqədə aktiv güləşib, xalımı alaraq qələbə qazandım. Bu qələbəmi hərbçi olan qardaşıma həsr edirəm.
Yarımfinalda Latviya güləşçisiylə qarşılaşdım. Bu idmançı daha öncə 67 kq-da çıxış edib. Bu dəfə çəkisini 63-ə salmışdı. 1/4 finalda Avropa mükafatçısı olmuş Macarıstan təmsilçisinə qalib gəlmişdi. Ən rahat qələbəmi yarımfinalda qazandım. Finalda bir az səbirsizlik edib, artıq hərəkət etdim. Rusiyalı rəqib də fürsətdən istifadə edib xal aldı. Qazandığım gümüş medalı yenicə dünyaya gələn qızıma hədiyyə edirəm”.
Bizi Facebook-da izləyin