“Allinin müsahibəsini izləmək mənim üçün çox çətin oldu” – Poçettino
“Çelsi”nin çalışdırıcısı Maurisio Poçettino “Everton”un ingiltərəli futbolçusu Dele Allinin ötən həftə yayılan müsahibəsi haqda danışıb.
Yarımmüdafiəçi həmin müsahibədə uşaqlıq dönəmində anasının dostu tərəfindən cinsi təcavüzə məruz qalması və digər çətinliklərdən söz açmışdı.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Poçettino müsahibəni sona qədər izləyə bilmədiyini deyib:
“Əlbəttə, həmin müsahibəni izləmək mənim üçün çox çətin oldu. Çox ağır olduğu üçün sona qədər izləyə bilmədim. “Tottenhem”də işlədiyim vaxt məşqçilər korpusunun onu nə qədər çox sevdiyini, Allinin bizim üçün nə qədər vacib biri olduğunu hamı bilirdi. Gözəl insandır, geniş ürəyi var. Eyni zamanda, heyrətamiz futbolçudur.
ABŞ-da keçiriləcək mövsümöncəsi yoldaşlıq turnirindən sonra onu Londonda görməyə ümid edirəm. Belə xəbərləri, müsahibələri görmək insana çox pis təsir edir. Dele güclüdür. O, zamanla daha da güclənəcək”.
Dele Alli 2022/23 mövsümündə Türkiyə klubu “Beşiktaş”da icarə əsasında çıxış edib. O, komandanın heyətində 15 oyuna çıxıb və üç qol vurub.
Bizi Facebook-da izləyin