Piriyev Tovuzdan mesaj verdi: “Kəpəz”lə bağlı xoş xəbərlər eşidəcəksiz” – MÜSAHİBƏ

Bu gün “Turan Tovuz” Futbol Klubu və “Huner Group” arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə bağlanıb.

Müqaviləni “Futbolun İnkişaf Fondu”nun rəhbəri Tural Piriyev, “Turan Tovuz”un idarə heyətinin sədri Rəşid Məhərrəmov və “Huner Group”un təsisçisi Ehtiram Quliyev imzalayıb. Daha sonra onlar jurnalistlərin suallarını cavablandırıblar:

  • Sponsorluq müqaviləsi uşaq futbolunun inkişafına yönələcək, yoxsa əsas komandanın?
  • Ehtiram Quliyev: Təkcə əsas komanda deyil, məhz akademiya da əməkdaşlıqdan faydalanacaq. Öncəliyimiz akademiyadır. Biz də uşaq futbolunun inkişaf etməsinin vacibliyinin fərqindəyik. Bir neçə il sonra nəticələri hamılıqla görəcəyik.
  • İmzalanan müqavilənin şərtlərində rəqəmlər necədir?
  • Ehtiram Quliyev: Maliyyə məsələləri gizlilik öhdəliliyi kimi nəzərdə tutulub. Ehtiyaca görə əlavə resursların yaradılması, başqa sponsorların cəlb edilməsi düşünülüb.
  • “Turan Tovuz”un sponsorluq müqaviləsinə qarşılığı necə olacaq?
  • Rəşid Məhərrəmov: Bir daha “Huner Group” şirkətinə minnətdaram. Formalarda loqo öz əksini tapacaq. Bu gündən etibarən bu reallaşacaq. Bütün yaş qruplarında bunu görə biləcəksiz.
  • “Huner Group” “Turan Tovuz” Futbol Klubunun qarşısına hansı məqsədi qoyub?
  • Ehtiram Quliyev: Biz gələn kimi maliyyə məsələlərini həll etmirik. İdman nailiyyətləri sonra gəlir. Məqsədimiz akademiyada ölkənin gələcəyi üçün istedadlı futbolçuların yetişməsinə yönəlib. İdman nailiyyəti də olarsa, nə gözəl.
  • “Turan Tovuz”da “Huner Group”dan neçə nəfər şəxs idarə heyətində təmsil olunacaq?
  • Ehtiram Quliyev: İdarə heyətində iki üzvümüz olacaq. Özümüz də, könlümüz də, ruhumuz da daim klubun yanındadır.
  • Niyə məhz Tovuzu seçdiz?
  • Tural Piriyev: Bölgələrdə işlərimiz bununla bitmir. “Kəpəz”lə bağlı işlərimiz davam edir. Sponsorluq müqaviləsinin imzalanması üçün uzun müddət gərəklidir, 8-9 ay azdır. “Kəpəz”lə bağlı xoş xəbərlər eşidəcəksiz.
  • Nə üçün imzalanma müqaviləsində AFFA-dan və PFL-dən kimsə yoxdur?
  • Azərbaycan Premyer Liqasında matçlar davam etdiyinə görə gərgin iş qrafiki səbəbindən iştirak edə bilmədilər. (Rəşid Məhərrəmov)
  • “Futbolun İnkişafı Fondu”nun təsisçisi məhz AFFA-dır. Dəvət edilməmələrində xüsusi səbəb yoxdur. Onların iş qrafiki gərgindir. (Tural Piriyev)
  • AFFA ilə sponsorluq məsələsini məsləhətləşmişik. Onlar görünməyən qəhrəmanlardır. Futbol dünyasında olan son hadisələr bizim baş sponsor olmağımıza əsas səbəbdir. (Ehtiram Quliyev)
  • “Turan Tovuz”un avtobus problemi var…
  • Ehtiram Quliyev: Təbii ki, biz bu məsələnin həll edilməsində yaxından köməklik göstərəcəyik. Mövsümün sonunda danışıqlar aparacağıq. Dəstəyin böyüyü, kiçiyi olmaz. Hər kəs dəstək olmalıdır.
  • Bəzən elə olur ki, sponsorluq müqaviləsi imzalanır və uğur əldə edilmir.
  • Ehtiram Quliyev: Bu, futboldur. Tək idarəetmə ilə iş bitmir. Biz idman nailiyyəti üçün buraya gəlməmişik. Klub sonuncu pillədə qərarlaşsa, birinci diviziona getsə belə, biz hər zaman ona dəstək olacağıq.
  • Digər şirkətlərə bu istiqamətdə sözləşmələr imzalamaq üçün nə deyə bilərsiz?
  • Ehtiram Quliyev: Bəzi dəyərlər ölçülmür. Azərbaycan iqtisadiyyatı yeni qurulub. Şirkətlərə səslənirəm: Sponsorluq könül işidir. Kiçik sahibkarların da bu sahəyə maraq göstərməsini çox arzu edirəm. Güclü rəqibə qarşı rəqabət olarsa, futbol da maraqlı olar.
  • “Turan Tovuz”un futbol və projektor problemi var. Bu barədə nə deyə bilərsiz?
  • Ehtiram Quliyev: Ən qısa zamanda o işlərlə bağlı planlar gerçəkləşəcək. Aktual olan məsələdir. Haqlı mövzuya toxunduz. Azarkeş ilk olaraq məhz onu axtarır. İlk fürsətdə çalışacağıq ki, onu həll edək.
  • Tovuzlu olmasaydız, yenə də “Turan Tovuz”la sponsorluq müqaviləsi imzalayardız?
  • Ehtiram Quliyev: “Turan Tovuz”u seçməyimizdə əsas amillərdən biri məhz ad məsələsidir. Bu, təkcə ad deyil, fəlsəfədir, vizyondur. Məncə, seçərdim. Ad başqa cür olsaydı, düşünərdim. “Turan” elə addır ki, hər bir kəs əlini düşünmədən daşın altına qoya bilir. Öncəliyimiz “Turan Tovuz”dur.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button