“Piksel-piksel” oyunu… Və ya, bığıburma kişilərdən pul gözləyən “Məkkə” komandaları

Rəşad Ergün

Deyirdilər ki, Gəncə, Tovuz kimi şəhərlər futbolsuz qalmamalıdır.

Deyirdilər ki, bu iki şəhər Azərbaycan futbolunun Məkkəsidir (tövbə, əstəğfürillah).

Deyirdilər, xahiş, hətta tələb də edirdilər ki, “Kəpəz”lə “Turan Tovuz” Premyer Liqaya buraxılmalıdır.

Kim deyirdi, kim xahiş, tələb edirdi?

İçi idman jurnalistləri qarışıq məşqçilər, veteranlar, futbolçular. Bir sözlə, əksəriyyət.

Odey, “Kəpəz” də Premyer Liqaya gəlib, “Turan Tovuz” da.

İkisinin də problemləri bitmir. İkisi də avtobus almaq üçün “piksel-piksel” oynayır. İkisi də oturub gözləyir ki, TV-dəki əttökən verilişlərə, həmin verilişlərə çıxıb nazlana-nazlana, əndamını oynada-oynada “fanaqrama” ilə oxuyan müğənnilərə pul tökən bığıburma kişilər nə vaxt onlara tərəf də baxacaq.

“Turan Tovuz” daha normal transferlərin və baş məşqçisi Ayxan Abbasovun hesabına çempionatda az-çox boy göstərir. Amma bu boy göstərmə o demək deyil ki, Tovuz komandasında hər şey qaydasındadır. Komandanın hələ də avtobusu, ümumiyyətlə, peşəkar klub adına çox şeyi yoxdur. Bütün bunlar azmış kimi, komandanın Tovuzun icra başçısı Məmməd Məmmədovun və idman idarəsinin rəisi Sahib Ələsgərovun əlindən dad etdiyi də deyilir.

“Kəpəz”in işi isə hətta icra başçısına da yox, birbaşa Allaha qalıb. Uğursuz transferlər, uçulub-dağılmaqda olan stadion, peşəkar klubdan milyon işıq ili uzaqda olan bərbad infrastruktur. Xülasə, dartılaraq, tələm-tələsik Premyer Liqaya gətirilən bir komanda. “Kəpəz”i Premyer Liqaya sürət qatarında gətiriblər, amma komandanın heç avtobusu da yoxdur. Məndə olan məlumata görə, komandanın avtobus alması üçün başladılan ianə kampaniyası çərçivəsində sadəcə 10 min manat pul yığılıb. Yüz min manatdan on mini. Eybi yox, pul toplanmağa davam edilsin, beş ildən sonra birinci divizionda, ya da Region Liqasında “Kəpəz” oyunlara təzə avtobusda gedər.

O şəxslər ki var idi, özlərini həlak edirdilər, “Kəpəz”lə “Turan Tovuz” Premyer Liqada olmalıdır” hikkəsi ilə hər gün palaz-palaz yazılar yazırdılar, açıqlamalar verirdilər, onlar indi hardadır? Niyə eyni tutqu, eyni hikkə ilə AFFA-dan, Gənclər və İdman Nazirliyindən, Tovuzun, Gəncənin icra başçılarından bu komandalara bir gün ağlamalarını tələb etmirlər? Niyə çıxıb demirlər ki, “yaxşı, futbolun prinsiplərinə, reqlamentinə tüpürdüz, bu iki komandanı dartıb Premyer Liqaya gətirdiz, niyə normal büdcə ayırmırsız?” Niyə ölkənin ikinci ən böyük şəhərinin stadionu qəzalı vəziyyətdədir? Niyə təmir edilmir? Bunları tələb etmək lazımdır e, bunları. Futbolun prinsiplərinə, reqlamentinə tüpürüb “Kəpəz”lə “Turan Tovuz”un Premyer Liqaya buraxılmasını tələb etməyə nə var ki.

Azərbaycan futbolunun “Məkkə”sində yel əsir, qoz tökülür. Gedin, yığın…

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button