PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı – FOTO
Bu gün Peşəkar Futbol Liqası, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb.
Komanda.az xəbər verir ki, müqavilənin məqsədi şəhid övladlarına diqqət və qayğının artırılması, onlara sağlam həyat tərzinin təbliği və bu məqsədlə onlar üçün yay düşərgələrinin təşkilidir.
3 illik müddəti əhatə edəcək müqavilə çərçivəsində ilk tədbir “Ümumdünya Uşaqlar Günü”nə həsr olunacaq və iyun ayının 1-i 5-i aralığında Qəbələ şəhərində keçiriləcək. 5 gün ərzində təşkil ediləcək müxtəlif aktiv istirahət-əyləncə tədbirlərində 8-12 yaş aralığında 30 şəhid övladı iştirak edəcək.
Tədbirlərə Qəbələ şəhərinin müxtəlif görməli yerlərində gəzintilər, əyləncəli oyunlar, Qəbələ şəhər stadionunda futbol matçı, tarixi yerlərə səyahətlər və digər aktiv istirahət vasitələri daxildir.
Əsas məqsəd uzun müddət işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş vətən övladlarının yadigarlarının xoş vaxt keçirməsinə, onların istirahət etməsinə, tarixi-coğrafi yerlərlə tanış olaraq öyrənməsinə, özləri üçün yeni məkanlar kəşf etməsinə nail olmaqdır.
Üçtərəfli müqaviləni “Peşəkar Futbol Liqası” İctimai Birliyinin prezidenti vəzifəsini icra edən Elgiz Abbasov, “YAŞAT” fondunun rəhbəri Elvin Hüseynov və “Badamlı Mineral Sular” MMC-nin direktor müavini Elbrus Novruzlu imzalayıblar.
Bizi Facebook-da izləyin