PFL-dən yeni əməkdaşlıq müqaviləsi

Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Komanda.az xəbər verir ki, müqaviləni “Badamlı” şirkətinin Bakı satış mərkəzinin müdiri Ramal Salmanov və Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev imzalayıblar.

AFFA-nın inzibati binasında keçirilən tədbirdə AFFA, PFL rəsmiləri, qonaqlar və media nümayəndələri iştirak ediblər. Bildirilib ki, Azərbaycanın ilk təbii mineral süfrə suyu olan badamlı ilk dəfə 1947-ci ildə istehsala başlayıb. Badamlı suyu dəniz səviyyəsindən 1274 metr yüksəklikdə çıxır. İnsan sağlamlığı üçün zəngin mineral tərkibə malik, milli və beynəlxalq standartlara cavab verən ilk təbii mineral süfrə suyudur.

Ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirilən tədbirlər çərçivəsində “Badamlı” mineral suyunun da istehsal həcmi artıb. Bu suyun şöhrəti Sovet İttifaqı miqyasında sürətlə yayılıb. Artıq 1970-1980-ci illərdə “Badamlı” zavodunda istehsal olunan məhsulun 90%-i xarici ölkələrə ixrac edilib. 2020-ci ildə Badamlı bulağının mənbəyində ən müasir avadanlıqlarla təchiz olunmuş yeni badamlı zavodu istifadəyə verilib. Avropadan gətirilən ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada bütün növ suların keyfiyyətinə nəzarət edilir. İstehsal prosesinin bütün mərhələlərində ən son texnologiyalardan istifadə edir.

Ardınca rəsmilər müqavilə ilə bağlı fikirlərini bölüşüblər. PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev “bildiyiniz kimi, cari mövsüm bu, PFL-in 3-cü sponsorluq müqaviləsidir. Sirr deyil ki, istənilən sahədə uğurlu olmaq üçün maliyyənin olması önəmlidir. Bu müqavilələr PFL-in büdcəsinin optimallaşdırılması baxımından vacibdir. Uğurlu olmaq üçün ikinci məsələ büdcənin düzgün idarə olunmasıdır və bunu maksimum yerinə yetirməyə çalışacağıq. “Badamlı” yerli brenddir, süfrələrimizin bəzəyidir. Biz də öz növbəmizdə çalışmalıyıq ki, yerli brendimiz olan “Badamlı” təkcə ölkəmizdə yox, onun hüdudlarından kənarda da tanınsın, sevilsin. “Badamlı”nın idmanın, futbolun yanında olması, dəstək verməsi sevindirici haldır və əməkdaşlığımız bizim üçün çox önəmlidir. Sponsorların çox olması düşünürəm ki, futbola azarkeş marağını da artıracaq. Arzu edirəm ki, bu anlaşma hər ikimiz üçün və bütövlükdə Azərbaycan futbolu üçün xeyirli, uğurlu olsun” – deyərək məmnunluğunu ifadə edib.

Artıq idman sahəsində əməkdaşlıq təcrübəsinə malik “Badamlı” şirkətinin Bakı satış mərkəzinin müdiri Ramal Salmanov da yeni əməkdaşlığı yüksək dəyərləndirib: “Biz də öz növbəmizdə bir sponsor yox, tərəfdaş kimi, “Badamlı” olaraq idmana, xüsusən də indi futbolun inkişafına diqqət ayırırıq. Bundan əvvəl bizim idmanın digər sahələrində – boks, basketbolda əməkdaşlıqlarımız olub. Ümid edirəm hamımız üçün xeyirli olar. Bu əməkdaşlığın başlanması “Badamlı”nın 75 illik yubileyinə təsadüf edir. O gün olsun ki, PFL də 75, 100 yaşını qeyd eləsin. Hər kəsə uğurlar arzu edirəm və bir daha təbrik edirəm”.

Ardından tərəflər bir illik müqaviləyə imza ataraq bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button